Mədəniyyət

Nikita Mixalkov: "Mənim çəkiliş qrupumda saata baxan adam ola bilməz"

Metbuat.az

Tədbirdə əvvəlcə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova çıxış edib. O deyib ki, Mixalkovun belə bir dərsi keçirməsi azərbaycanlı rejissor və aktyorlar üçün böyük təcrübədir.


N.Mixalkov isə bildirib ki, ustad dərsi keçməsinin məqsədi azərbaycanlı aktyorlarla yaxından tanış olmaqdır.


N.Mixalkov zəngin teatr və kino bilgilərini Azərbaycanlı həmkarları ilə bölüşüb. Uzun illər ərzində çəkdiyi və aktyor kimi çəkildiyi filmlərdən danışan N.Mixalkov Kino Akademiyası yaradacağını deyib. Bu yaxınlarda fəaliyyətə başlayacaq Akademiyada istedadı olan hər kəs təhsil ala biləcək. Təhsil pullu olsa da, Mixalkov qeyd edib ki, xüsusi istedadı ilə seçilənlər Kino Akademiyada güzəştli şərtlərlə təhsil alacaqlar.


Kinonun qəddar sənət olduğunu deyən rejissor bu sənətlə məşğul olan hər kəsin ürəyini, bütün həyatını bu sənətə fəda etməsi gərkdiyini vurğulayıb:


"Çəkiliş meydanı həyatdır. Kino çəkmək çətindir. Dəxli yoxdur asan və ya çətin film olsun. Bu elə çətin sənətdir ki, bir kişi üçün bu sənəti icra etmək çətindir. O ki, ola qadın kinorejissorlar. Mən hər zaman qadın kinorejissorlara əhsən deyirəm. Onlarda kişi təpəri olur".


N.Mixalkov çəkiliş meydançasında baş verən hadisələrdən, rejissor kimi qayda-qanunlarından da söz açdı.


"Mənim çəkiliş qrupumda saata baxan adam ola bilməz. Bu mümkün deyil. Mənim bütün çəkiliş qrupumun üzvləri hər gün isti yeməklə təmin edilir. Ən xırda epizoddan başlamış, kütləvi səhnələrdə iştirak edən adamlara qədər. Çünki, aktyoru çalışdırdığın kimi qayğısına qalmağı da bacarmalısan. Mənim üçün böyük film çəkmək zövqdür. Məsələn, "Sibir bərbəri" filmini çəkəndə kütləvi səhnələrdə 3000-3500 insan var idi. Belə film möhtəşəm alınır. Bu filmin çəkilişlərində aktyorlar ağır hərbi rejimdə çalışdılar. Hər səhər 6-da oyanır, idman məşğələləri edir, kilometrlərlə qaçır, rəqs etməyi öyrənirdilər. Üç ay hərbi formada gəzdilər. Amma heç biri halından şikayətçi deyildi. Hər kəs məmmunluq hissi ilə çalışırdı. Bax, əsl sənət, əsl kino budur".


"Oskar" mükafatını qazanan rejissor N.Mixalkovun Amerika kinosu barədə dedikləri də diqqəti cəlb etdi. "Kino Amerikanı yaratdı" deyən Mixalkov Amerika kinosunun onların təfəkkürünə, düşüncəsinə nə qədər təsir etdiyini bildirib və əlavə edib ki, məhz bu səbəbdən amerikalılar başqa filmlərə baxmaq istəmirlər.


Son illər ekranlaşdırdığı filmlərdə tarixi-siyasi mövzulara toxunduğunu və belə filmlərə daha çox meylli olduğunu deyən N.Mixalkov müharibə mövzusuna da, toxundu. "Müharibədən dəhşətli heç nə ola bilməz. Mənim çəkdiyim filmlərdə bu fikir ana xətt kimi keçir. Müharibədən əlini-ayağını itirib qayıdan əsgər burnu belə qanamayan qonşusunu görəndə sizcə hansı hissləri keçirir? Bax mənim filmlərim həmin düşüncələr, hisslər barəsindədir".


Ustad dərsindən sonra görkəmli rejissor azərbaycanlı rejissor və ssenaristlərin suallarını da cavablandırıb.


Jurnalistlərlə ayaqüstü söhbətində isə N.Mixalkov Qriboyedov haqqında çəkmək istədiyi film barəsində danışıb. Filmin hazırlıq prosesinin getdiyini deyən N.Mixalkov yaxın gələcəkdə filmi ekranlaşdıracağını deyib.