Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
Bakı, 4 aprel,
AZƏRTACNərimanov Rayon İcra Hakimiyyətinin və IDEA İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən silsilə tədbirlər çərçivəsində aprelin 4-də rayonun ərazisində yerləşən 15 hektar sahəni əhatə edən yaşıllıq zolağında, həmçinin rayonun digər ərazilərində ağacəkmə kampaniyası keçirilib.
Məqsəd yaşıllıq zolağını daha da genişləndirmək, şəhərin ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə qayğı hissini təbliğ etməkdir.
Rayonun idarə, müəssisə və təşkilatlarının əməkdaşları, ictimaiyyətin nümayəndələri, könüllü sakinlər, o cümlədən gənclər daxil olmaqla ümumilikdə 500 nəfərdən çox insanın fəal iştirak etdiyi iməcilikdə ətraf ərazi tullantılardan təmizlənib, burada mövcud olan yaşıllığa aqrotexniki qulluq edilib. Ərazidə İtaliyadan gətirilmiş 200 ədəd leylandra və digər növ ağac və kollar əkilib.
Rayonda geniş vüsət alan bu qəbildən olan tədbirlərin gələcəkdə miqyasının genişləndirilərək daha böyük ərazini əhatə etməsi nəzərdə tutulub.