Ölkə

Nərimanov rayon əhalisinin tibbi müayinədən keçirilməsi davam etdirilir

Metbuat.az

Bakı, 4 aprel,

AZƏRTAC

 


Nərimanov rayonunda yerləşən 37 nömrəli şəhər poliklinikasında rayon əhalisinin növbəti tibbi müayinə prosesi keçirilib. Poliklinika sakinlərin tibbi yoxlamalardan rahat şəkildə keçmələri üçün ən müasir avadanlıqla təchiz olunub. Burada xəstəxanaya gəlmək imkanları məhdud olan xəstələrin müayinəsi üçün xüsusi həkim briqadaları fəaliyyət göstərir.


Baş həkim Təranə Məmmədova 9000-ə yaxın sakinin xəstəxananın qeydiyyatında olduğunu və bu günə qədər 4300-dən çox vətəndaşın tibbi müayinədən keçdiyini qeyd edib. O, xəstəliklərin ilkin dövrdə aşkar olunması, xəstələrin dispanser qeydiyyatına götürülməsi üçün həyata keçirilən tədbirlərin sonrakı dövrlərdə onların müayinə və müalicəsində böyük əhəmiyyət kəsb etdiyini bildirib.


Ümumiyyətlə, tibbi müayinələr başlayandan etibarən rayon üzrə 57031 nəfərin müayinələrdən keçməsi təmin olunub. Onlardan 43441 nəfərdə hər hansı bir xəstəlik aşkar edilməyib, 13296 nəfərə ambulator, 294 nəfərə isə stasionar müalicə təyin olunub.


Sakinlər onların sağlamlıqlarının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicəyə cəlb olunması məqsədi ilə keçirilən bu nəcib aksiyanı yüksək dəyərləndiriblər.