İdman

""Neftçi"nin yeni rəhbərliyi eyforiyadadır"

Metbuat.az

Milli.Az “Neftçi”nin sabiq vitse-prezidenti

Tahir Süleymanov

un

apasport.az

-a müsahibəsini təqdim edir.



- Vaxtilə birgə çalışdığınız Böyükağa Hacıyevin verilişlərin birində “Neftçi”nin “Araz Naxçıvan”a 0:3 hesabı ilə uduzduğu oyun haqda səsləndirdiyi fikir rezonans doğurub. Onun sözlərinə münasibətiniz necədir?

- Məlumatım var. Böyükağa Hacıyev dönəminin, bəlkə də, yeganə azərbaycanlı futbolçusudur ki, karyerasına başladığı komandaya sona qədər sadiq qalıb və futbolla da elə oradaca vidalaşıb. Verilişdə elə deməklə ürəyinin dərinliyində “Araz Naxçıvan”a olan sevgisini ifadə edib. Sadəcə, ictimaiyyət onu düzgün başa düşməyib. Buna görə də açıqlama verərkən diqqətli olmaq lazımdır. Amma dediyi fikirdə “Neftçi”yə aid pis şey ola bilməz.



- Həm Böyükağa Hacıyevin, həm də komandanın 8 futbolçusunun həmin vaxt Naxçıvana aparılmaması da şübhə doğuran məqamlar hesab olunur...

- Həmin vaxt mən istefa vermişdim, ancaq komandaya kömək edirdim. “Araz Naxçıvan”la matç çempionatın ilk oyunu idi. “Neftçi” Avrokubokda çıxış etdiyindən, həmin görüşün təxirə salınması məsələsini qaldırmışdıq. Amma bu baş vermədi və komanda Gürcüstandan qayıtdıqdan sonra Naxçıvana yollandı. Həmin səfərin futbolçularda yorğunluq yaradacağını nəzərə alan klub rəhbərliyi əsas heyətin 8 üzvünü Naxçıvana aparmamağa qərar verdi. Belə məqamda, Böyükağa müəllimin də Naxçıvana getməsi düzgün olmazdı. O, əsas heyət üzvləri ilə birlikdə Bakıda qalaraq, onları Avrokubok oyununa hazırladı. Onu da deyim ki, Naxçıvanda meydana Mirhüseyn Seyidov, Emil Balayev kimi futbolçular çıxmışdı və o heyətlə biz “Sumqayıt”a da məğlub olmuşduq. Yenə deyirəm, Böyükağa müəllim açıqlaması ilə “Araz Naxçıvan”a olan sevgisini göstərmək istəyib. Bir də ki, o, fikrini qələmə verilən tərzdə demədi, özünə aid elədi.



- “Neftçi”nin idarəetmə işində edilən dəyişikliklə bağlı hansı fikirdəsiz?

- “Neftçi” rəhbərliyində dəyişikliyin olacağı ilə bağlı 1 ildən artıq idi ki, söhbətlər gedirdi. Müşahidə Şurasının yaradılması ilə bağlı qərar verildi. Amma burada əsas məsələ prezident idarəetmə üsulunun ləğv olunmasıdır. “Qarabağ”ın prezidenti Tahir Gözəl açıqlamasında dedi ki, uğur qazanan klubda Müşahidə Şurasına ehtiyac yoxdur. Mən də bu fikirlə razıyam. Digər klublarda da yaxın gələcəkdə Müşahidə Şurası yaradılsa belə, onlarda prezident idarəetmə üsulu ləğv olunmayacaq. Sadəcə, “Neftçi”də radikal addımlar atıldı. Bu dəyişikliyi çempionatın sonunda etmək daha yaxşı olardı.



- Müşahidə Şurasının rəhbəri vəzifəsinə yazıçı Çingiz Abdullayevin gətirilməsi heç də birmənalı qarşılanmadı. Bu təyinata münasibətiniz necədir?

- Çingiz Abdullayev böyük yükün altına girib. Qazanılan uğurların ardını gətirmək lazımdır. Bu heç də asan məsələ deyil. Nədənsə “Neftçi”nin yaxın keçmişdə qazandığı nailiyyətlər yada salınmır, sanki onları unutdurmaq istəyirlər. Çingiz müəllimin baza ilə bağlı dediyi fikirlərlə razıyam. “Xəzər Lənkəran”, “Qəbələ” və digər klubların bazası “Neftçi”nin bazasından çox üstündür.



- Müşahidə Şurasının yaradılmasından sonra “Neftçi”də hansı dəyişiklikləri gözləyirsiz? Sizcə, nələr edilməlidir?

- Baza söhbətini vaxtında Sadıq Sadıqov gündəmə gətirsə də, obyektiv səbəbdən iş yarımçıq qaldı. İlk növbədə bu iş bitirilməlidir. Şuranın qeydə aldığı qərarlara baxdım. “Neftçi”nin loqosunun dəyişdirilməsinə nə ehtiyac var ? Bunu başa düşə bilmədim. Komanda o tarixi loqo ilə “Pünik”, APOEL üzərində qələbələr qazanıb. “Neftçi”nin formasını dəyişdirmək fikrinə düşsələr, yenə qəti əleyhinə olaram. İlk növbədə, daha vacib məsələləri həll etmək lazımdır.



- Daha vacib saydığınız məsələlər hansılardır?

- Hiss olunur ki, “Neftçi”nin yeni rəhbərliyi futbol sahəsində təzədir, təcrübələri yoxdur, eyforiyadadır. Futbolla zarafat etmək olmaz. Düzdür, Çingiz müəllim gələndən komanda uduzmayıb. Amma yeni rəhbərlik uğursuz komandaya gəlməyib.



- “Neftçi” ölkə kubokunun ilk yarımfinal oyununda “İnter”ə qalib gəlsə də, baş hakim İnqilab Məmmədovun idarəçiliyi daha çox müzakirə olunur. Matçın əvvəlində “İnter”in haqlı penaltisinin verilmədiyini, yəqin ki, siz də qəbul edirsiz. Ümumiyyətlə, bu cür oyuna təcrübəsiz hakimin təyin olunması nə dərəcədə doğru idi?

- Azərbaycan klublarında xarizmalı insanların az olması özünü göstərir. “İnter” tərəfi narazıdısa, niyə klubun rəhbərliyi bu məsələni qaldırmır? Bəli, razıyam ki, bu cür oyuna daha təcrübəli referi təyinat almalı idi. İnqilab isə gənc hakimdir. Məlum idi ki, o, səhvlər edəcək. Penalti epizoduna gəlincə, Emil Mehdiyev sanki rəqib futbolçuya qarşı hərəkət etməmiş kimi, əllərini geri çəkdi və bununla İnqilabı yanıltdı. Hakimin təcrübəsi olsaydı, o, Emilin təkcə əllərinə fikir verməzdi. Daha sonra Səlahət Ağayev hakimi itələdi. Birbaşa qırmızı vərəqəlik hərəkət idi. Penalti epizodunu İnqilab dəqiq incələyə bilmədi. İkinci epizodda isə qətiyyəti çatmadı. Amma yan xətt hakimini alqışlayıram. “Neftçi”nin birinci qolu çətin epizod idi və laynsman topun qapıdan keçdiyini tuta bildi. O epizod, bəlkə də, İnqilabı xilas elədi. Yenə deyirəm, klub rəhbərliyi hakimlikdən narazıdırsa, bu kimi hallara göz yummamalıdır.



Milli.Az