Nazirlik: Səhiyyə müəssisələri Avropa Oyunlarında idmançılar və qonaqlara xidmət göstərmək üçün hazır vəziyyətə gətirilib
[ 21 Aprel 2015 11:24 ]
Bakı. Könül Kamilqızı – APA. Səhiyyə Nazirliyində bu ilin iyun ayının 12-dən 28-dək Bakıda təşkil olunacaq ilk Avropa Oyunları ilə əlaqədar kollegiya iclası keçirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, tədbiri səhiyyə naziri Oqtay Şirəliyev açıb.
İclasda Avropa Oyunları çərçivəsində ölkəmizə səfər edəcək idmançılara, iştirakçı ölkələrin nümayəndə heyətlərinə, qonaqlara yüksək səviyyəli tibbi xidmətin göstərilməsi məqsədi ilə görülən mühüm hazırlıq işləri barədə Səhiyyə Nazirliyinin aparat rəhbəri Zəkiyyə Mustafayeva məlumat verib: “Təcili və təxirəsalınmaz tibbi yardım heyəti ilkin tibbi yardım üzrə təlimlərə cəlb olunub. Bakı şəhəri təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının həkimlərinə ingilis dili kursları təşkil edilib. Müasir avadanlıqla təchiz olunmuş 100 ədəd təcili tibbi yardım maşını alınıb. İdmançılar və qonaqlar üçün Bakıda Kliniki Tibbi Mərkəz və Bakı Sağlamlıq Mərkəzi, Mingəçevirdə isə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası idmançılara və qonaqlara müvafiq tibbi xidmət göstərilməsi üçün tam hazır vəziyyətə gətirilib. Eyni zamanda, digər şəhər klinik xəstəxanalarında və xüsusiləşdirilmiş stasionar tipli müəssisələrdə müvafiq tibbi xidmətlərin göstərilməsi üçün bütün zəruri şərait yaradılıb. Su və qida məhsullarının təhlükəsizliyi ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə zəruri avadanlıq, reaktivlər və digər ləvazimatlar alınıb”.
Z. Mustafayeva görülən digər işlər barədə də ətraflı məlumat verib və bütün rayon, şəhər səhiyyə müəssisələrinin rəhbərlərinin bu tədbirlərin keçirilməsi zamanı yarana biləcək hər hansı gözlənilməz hallarda təcili, təxirəsalınmaz və xüsusiləşdirilmiş tibbi xidmətlərin göstərilməsi üçün hazırlıq işlərini aparmalı olduğunu vurğulayıb.
İclasda çıxış edən Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev Bakı 2015 Avropa Oyunları zamanı təcili tibbi yardım xidmətinin təşkili üçün görülmüş işlər barədə məlumat verib. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktorunun müavini Vaqif Abdullayev isə Avropa Oyunları çərçivəsində sanitariya-epidemioloji xidmətin qarşısında dayanan vəzifələrdən danışıb.
Avropa Oyunları Əməliyyat Komitəsinin Tibb və antidopinq xidməti üzrə baş tibb meneceri Rəşid Vəzirov da Avropa Oyunları zamanı göstəriləcək tibb xidməti haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.