Naxçıvan Dövlət Universiteti ilə Ərzurum Atatürk Universiteti arasında əlaqələr genişlənir
Naxçıvan, 3 aprel,
AZƏRTACTürkiyə Respublikasının Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçakın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Dövlət Universitetində (NDU) olub.
NDU-nun mətbuat şöbəsindən
AZƏRTAC-a bildirilib ki, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov dünyanın 80-dən çox tanınmış universiteti ilə tərəfdaşlıq edən bu ali məktəbin Türkiyə universitetləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirib. Qardaş ölkənin 40-a yaxın ali təhsil ocağı ilə əməkdaşlıq bu gün də uğurla davam etdirilir. Bu əlaqələrin təməli 1992-ci ildə Ərzurum Atatürk Universiteti ilə əməkdaşlıq vasitəsilə qoyulub. Tibb fakültəsinin və “baytarlıq” ixtisasının tələbələri müxtəlif vaxtlarda bu ali təhsil müəssisəsində təcrübədə olublar, müştərək konfranslar keçirilib. Təsadüfi deyil ki, 2012-ci ildə NDU-nun Elmi Şurasının qərarı ilə universitetlərarası elmi-mədəni əlaqələrin inkişafı sahəsindəki xidmətlərinə görə Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak NDU-nun fəxri doktoru seçilib. Rektor qeyd edib ki, 2011-2012-ci illərdə yenilənən universitetlərarası əməkdaşlıq müqaviləsi bundan sonra da elm və təhsilin inkişafına öz töhfəsini verəcək.
Ərzurum Atatürk Universitetinin rektoru, professor-doktor Hikmət Koçak deyib ki, universitetin beynəlxalq əlaqələrində Azərbaycan ali məktəblərinin özünəməxsus yeri vardır. NDU ilə əməkdaşlığın inkişaf etdirilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Ərzurum Atatürk Universitetinin prorektoru Mehmet Takkaç universitet haqqında ətraflı məlumat verərək 20 fakültə, 7 institut və 10-a yaxın yüksək məslək məktəbinin fəaliyyət göstərdiyi ali təhsil ocağında on minlərlə tələbənin təhsil aldığını diqqətə çatdırıb.
NDU-nun tədris işləri üzrə prorektoru Surə Seyid, tərbiyə işləri üzrə prorektoru Məmməd Rzayev, elmi işlər üzrə prorektoru Mübariz Nuriyev universitetin dünya təhsil sisteminə inteqrasiyasından, elmi nailiyyətlərdən danışıblar.
Atatürk Universiteti tibb fakültəsi araşdırma xəstəxanasının baş həkimi, professor Necip Becit 2000-ə yaxın tibbi personalın xidmət göstərdiyi 1400 çarpayılıq xəstəxanada yaradılan şəraitdən, burada aparılan müasir tibbi-diaqnostik müayinələrdən, sümük iliyi, orqan transplantasiyası mərkəzlərinin fəaliyyətindən bəhs edib. Görüşdə iştirak edən digər tibb mütəxəssisləri Ərzurum Atatürk Universitetində tibb təhsilinin səviyyəsi, universitet xəstəxanasındakı səhiyyə xidməti barədə məlumat veriblər.
Sonra xatirə hədiyyələri təqdim olunub. Türkiyəli qonaqlar universitet ərazisini gəzib, İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin, rəqəmsal formatda yayımlanan universitet televiziyasının və “Nuhçıxan” radiosunun, Mətbuat şöbəsinin fəaliyyəti ilə tanış olublar. Müxtəlif fakültələrdəki tədris prosesi, fənn kabinələri və laboratoriyaların təşkili ilə tanışlıq da maraq doğurub.