Digər

"Müxalifət gözləyir ki, gözlərini açacaqlar və xalq onları hakimiyyətə gətirəcək"

Metbuat.az
Partiya sədrləri siyasi dialoqun müstəsna əhəmiyyət daşıdığına əmindirlər

Bu günlərdə “Azadlıq-2015” seçki blokunun təşkilatçılığı ilə keçirilən “Dəyişən dünya və Azərbaycan: mövcud durum və perspektivlər” adlı tədbir zamanı Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin iqtidar-müxalifət görüşlərinin zəruriliyindən danışması ən yaddaqalan məqamlardan olub. Belə ki, o, həmişə hakimiyyət əleyhinə sərt fikirlər səsləndirən biri kimi tanınıb. Bu baxımdan onun iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirməsi diqqət çəkib. P.Hüseyn çıxışında bildirib ki, belə dialoqlar milli birlik baxımından bir şans hesab olunmalıdır: “Biz bu görüşlərə İsa Qəmbəri, Arif Hacılını, Cəmil Həsənlini də dəvət etmişdik. Yəqin ki, bizim qarşımızda söz deməyə ehtiyac hiss etməyiblər. Bir düşüncə, götür-qoy etmək problemi var. Müxalifət gözləyir ki, gözlərini açacaqlar və xalq onları hakimiyyətə gətirəcək. Ancaq artıq o dönəm deyil. Ona görə də hesab edirəm ki, həm iqtidar, həm də müxalifət problemlərdən çıxış yollarını axtarmalıdır. Bir araya gələrək, milli birlik nümayiş etdirməliyik. Bunun üçün bu il keçiriləcək parlament seçkiləri çox önəmlidir. İqtidarla danışığa getməli, müzakirələr aparmalıyıq”.



Artıq bu fakt sözügedən dialoqun zəruriliyinin əksəriyyət tərəfindən qəbul edildiyini ortaya qoyur. Onu da qeyd edək ki, P.Hüseynin səsləndirdiyi fikirlər və əsaslandırmaları digər partiya rəhbərləri tərəfindən də dəstəklənir. Onların fikrinə görə, milli maraqlar və dövlətin bütövlüyünün qorunması yolunda atılan ən ciddi addım müxalifətin iqtidarla dialoqa getməsidir.



Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bizimlə söhbətində dedi ki, cəmiyyətin inkişafı, demokratiyanın tam şəkildə bərqərar olması yalnız danışıqlar, razılaşma əsasında baş tuta bilər: “Demokratiyanın iki prinsipi var. Bu ikisindən birinin razılaşma olduğunu çoxu bilir. Ona görə də Pənah Hüseynin dedikləri ilə tam şəkildə razıyam. Razılaşmamağım mümkün deyil. Çünki biz özümüz 10 ilə yaxın müddətdə Azərbaycanda iqtidarla müxalifətin dialoqunun real təbliğatçılarından olmuşuq. Hətta bu dialoq ideyasına görə bəziləri tərəfindən nəinki tənqid, hətta təhqir olunmuşuq. Buna görə xalqın gözündə nüfuzumuz da xeyli aşağı düşüb, lağ obyekti olmuş, məsxərəyə qoyulmuşuq. Amma yolumuzdan dönməmişik. Düzgün, doğru yolda olduğumuza əmin idik deyə, bir dəfə də olsun məhrumiyyətlərə baxmamışıq və dialoq ideyasından əl çəkməmişik”.



S.Cəlaloğlunun fikrincə, siyasi dialoq bir demokratik prosedur kimi müstəsna rola malikdir: “Demokratiya yolunda vətəndaşların konsensusa gəlməsi, razılaşması bir nömrəli şərtdir. Ona görə də Pənah Hüseynin çağırışını tamamilə düzgün, demokratiyanın təbiətinə uyğun hesab edirəm. Düşünürəm ki, bu dialoqların alternativi yoxdur. Siyasi dialoq o qədər həssas bir prosedurdur ki, burada tərəflər onun fəlsəfəsinə ciddi şəkildə əməl etməlidirlər. Yoxsa, əks effekt verə bilər və cəmiyyəti yanlış yola aparar. Bu o deməkdir ki, dialoqa gələnlər fikirlərində səmimi olsunlar. Tutaq ki, müxalifət hakimiyyətə kələk gəlib nəsə əldə etməyi düşünürsə, o zaman bu dialoqların heç bir nəticəsi olmayacaq. Nə cəmiyyətə, nə də dövlətə xeyir verəcək. Əksinə, belə hal cəmiyyət üçün zərərli ola bilər”.



Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də iqtidar-müxalifət danışıqlarının qaçılmaz olduğunu düşünür: “Pənah Hüseynin açıqlaması bizim seçki blokunun ümumi siyasi baxışlarına ekvivalentdir. Hesab edirik ki, blok olaraq ölkədə üçüncü alternativ siyasi xətti təbliğ etmək və bu yolu genişləndirmək lazımdır. Bu baxımdan Pənah Hüseynin açıqlaması çox önəmlidir və cəmiyyət üçün faydalıdır. Onu da deyim ki, həmin fikirlər blokun əsas nümayəndələri tərəfindən dəstəklənən mövqedir”.



Ə.Əliyev nəzərə çatdırdı ki, ümumiyyətlə, ölkədə baş tutan bu dialoqları müsbət qiymətləndirmək lazımdır: “Hesab edirəm ki, bu, düzgün addımdır. Biz bu kampaniyanı, tədbirlər silsiləsini ölkədə demokratik açılım yolunda bir vasitə hesab edirik. Hətta bunun həlledici vasitə olduğunu da söyləmək olar. Təbii ki, bu prosesdən bir nəticə də gözləyirik. Əslində partiyamız danışıqlar yoluna alternativ görmür. Bizim prinsipial mövqeyimizdir ki, ölkə müqəddəratına cavabdeh olan siyasi qurumlar, siyasətçilər bir-biri ilə danışmağı, anlaşmağı bacarmalıdırlar. Dialoq prosesinin bu cür siyasi inkişafa vəsilə ola biləcəyini düşünürük. İnanırıq ki, əgər tərəflər iradə nümayiş etdirsələr, proses yaxşı sonluqla nəticələnəcək və bundan bütün ölkə faydalanacaq”.



Kaspi.az