Ölkə

Müqəddəs Pasxa bayramı münasibətilə slavyan əsilli aztəminatlı ailələrə yardım edilib

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Aprelin 8-də Qaradağ Rayon İcra Hakimiyyətində Müqəddəs Pasxa bayramı münasibətilə slavyan əsilli sakinlərlə görüş keçirilib.


Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova bildirib ki, ölkəmizdə yaşayan xalqlar bir-birinə çox yaxındır və onlar arasında heç bir ayrı-seçkilik qoyulmur, əksinə qarşılıqlı hörmət, ehtiram və səmimi münasibətlər mövcuddur. Ümummilli lider Heydər Əliyev həmişə ölkə ərazisində yaşayan azsaylı xalqlara hörmətlə yanaşıb, onların bütün sahələrdə azad fəaliyyəti üçün dövlət səviyyəsində şərait yaradıb. İcra başçısının müavini Prezident İlham Əliyevin apardığı siyasət nəticəsində ölkəmizdə tolerantlığın qorunub saxlanıldığını, müxtəlif dinlərə və təriqətlərə hörmət və ehtiramın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.


Çıxış edən sakinlər burada özlərini öz doğma vətənlərindəki kimi hiss etdiklərini söyləyərək, onlar üçün yaradılan şəraitə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


Tədbirin sonunda rayon ərazisində yaşayan 100 aztəminatlı slavyan əsilli sakinə ərzaq yardımları edilib.