Ölkə

Moskvada yaşayan azərbaycanlı ziyalılar Kəlbəcərin işğalının ildönümünü qeyd ediblər

Metbuat.az

Moskva, 3 aprel,

AZƏRTAC

Moskvada Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) binasında Kəlbəcər rayonunun işğal olunmasının 22-ci ildönümünə həsr edilən anım mərasimi keçirilib.


ÜAK, “Şəhriyar” Ədəbi Mədəni Cəmiyyəti və AYB-nin Moskva bölməsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, diasporumuzun təmsilçiləri, iş adamları, ictimai-siyasi xadimlər, tələbələr, Moskvada yaşayan kəlbəcərlilər iştirak ediblər.


Tədbirdə çıxış edən ÜAK-ın müşaviri Manaf Ağayev xatırladıb ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan tərəfindən işğal olunub. Rayonun işğalı nəticəsində 511 nəfər həlak olub, 321 nəfər itkin düşüb və girov götürülüb, rayona 761 milyon ABŞ dolları məbləğində ziyan dəyib. İşğal nəticəsində rayon mərkəzi, 150-yə yaxın kənd, həmçinin onlarla tarixi-mədəniyyət abidəsi, bir muzey, "İstisu" sanatoriyası dağıdılıb.


“Şəhriyar” Ədəbi Mədəni Cəmiyyətinin sədri Vasif Məmmədov çıxışında qeyd edib ki, Ermənistan silahlı qüvvələri təkcə Qarabağın dağlıq hissəsini işğal etməklə kifayətlənmədi. Ermənistan hərbi birləşmələri Kəlbəcərin mühasirədə qalmasından istifadə edərək havadarlarının köməyi ilə bu rayonu işğal etdilər.


AYB – nin Moskva bölməsinin katibi Nəsib Nəbioğlu deyib ki, Kəlbəcər Azərbaycanın işğal olunmuş rayonları arasında ərazicə ən böyüyüdür. Belə zəngin, bənzərsiz bölgəmizin 22 il işğal altında qalması, torpağımızın talan olunması əsl cinayətdir. Kəlbəcər indi Ermənistan silahlı qüvvələri tərəfindən xarabalığa çevrilib.


Tədbirdə Rusiya Jurnalistlər İttifaqının üzvü Cəfər Sadıq, tanınmış diplomat Ramiz Abutalıbov, şairə Afaq Şıxlı və digərləri də çıxış ediblər.


Tədbirin sonunda Kəlbəcər rayonu haqqında vidioçarx nümayiş etdirilib.



Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva