Moskvada “Nika” mükafatının təqdimetmə mərasimi keçirilib
Bakı, 1 aprel,
AZƏRTACAleksey Germanın “Allah olmaq çətindir” ekran əsəri İlin ən yaxşı filmi nominasiyasında “Nika” mükafatının qalibi olub. Təqdimetmə mərasimi martın 31-də Moskva şəhərindəki dövlət folklor teatrında keçirilib.
AZƏRTAC
İnterfax informasiya agentliyinə istinadla xəbər verir ki, mükafat Germanın dul qalmış arvadına və oğluna təqdim olunub. Ən yaxşı “rejissor işinə görə” nominasiyasının qalibi də eyni filmə görə məhz Aleksey German seçilib.
İlin ən yaxşı ssenarisi nominasiyasında mükafat “Axmaq” filminin ssenari müəllifi Yuri Bıkova verilib. Bıkov eyni zamanda həmin filmdə dramaturq rolunu oynayıb.
Ən yaxşı operator nominasiyasında mükafatı “Allah olmaq çətindir” filmini çəkən Vladimir İlyin və Yuri Klimenko qazanıb. Qeyd edək ki, Vladimir İlyin də mükafata ölümündən sonra layiq görülüb.
Bundan başqa akademiklər ən yaxşı animasiya filmi nominasiyasında mükafatı Leonid Şmelkovun “Mənim şəxsi sığınım” filminə, kinematoqrafiya elminə töhfəyə görə nominasiyasında Kino muzeyinin keçmiş direktoru Naum Kleymana, şərəf və ləyaqətə görə nominasiyasında isə Rusiyanın xalq aktrisası Liya Axedçakovaya veriblər.
Qeyd edək ki, Yuri Qusmanın əsasını qoyduğu və bədii rəhbəri olduğu “Nika” mükafatı 1988-ci ildən təqdim olunur. Heyətinə 604 akademikin daxil olduğu “Nika” kinoakademiyasının prezidenti məşhur Rusiya və Amerika rejissoru, ssenarist, ictimai və siyasi xadim Andrey Konçalovskidir.
MDB və Baltikyanı ölkələrin ən yaxşı filmi kateqoriyasında “Nika” mükafatına nominantlar sırasında Azərbaycan rejissoru Elçin Musaoğlunun “Nabat” filmi də yer alırdı.