Ölkə

Moldovalı qonaqlar məktəbin pedaqoji kollektivi və şagirdləri ilə görüşüblər

Metbuat.az

Bakı, 10 aprel,

AZƏRTAC

Azərbaycanda səfərdə olan Moldova Respublikasının Ombudsmanı Aureliya Qriqoriu və Moldova İctimai Palatasının sədri Dmitri Qriqoriu Bakının Sahil qəsəbəsindəki 228 nömrəli tam orta məktəbdə olublar.


Təhsil Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, məktəblə tanışlıqdan sonra moldovalı qonaqlar bu təhsil müəssisəsinin pedaqoji kollektivi və şagirdləri ilə görüşüblər.


Görüşdə məktəbin direktoru Azər Ələkbərov Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizdə təhsilin inkişafına göstərdikləri diqqət və qayğıdan söz açıb.


Moldovalı Ombudsmanın Azərbaycanın haqq işinin müdafiə etməsini xatırladan görüş iştirakçıları təcavüzkar Ermənistan dövlətinin yalanlarının dünyaya çatdırılmasında A.Qriqoriunun dəstəyini yüksək qiymətləndiriblər.


A.Qriqoriu işğal olunmuş Azərbaycan ərazilərində soyqırımı hadisələri törədən erməni silahlılarının və onların havadarlarının tezliklə ədalət mühakiməsində cavab verəcəklərinə inamını ifadə edib. Erməni terrorçularının vəhşiliklərindən danışan moldovalı Ombudsman bəyan edib ki, ermənilərin törətdikləri cinayətlərə, xüsusilə Xocalı soyqırımına beynəlxalq hüquqi qiymət verilməlidir.


Sonra müəllim və şagirdlərin sualları cavablandırılıb.


Pedaqoji şuranın qərarı ilə A.Qriqoriuya “Məktəbin fəxri müəllimi” adı verilib.


Tədbir bədii proqramla davam edib. Azərbaycanın və Moldova milli mahnıları səsləndirilib, rəqslər ifa olunub.