Məhyəddin Allahverdiyevin Güləş Federasiyasının konfransına çağırılmamasının səbəbi açıqlanıb
Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Cavid Qurbanov qurumun bu gün keçirilən konfransına yunan-Roma güləşi üzrə üçqat dünya çempionu Məhyəddin Allahverdiyevin dəvət olunmamasına münasibət bildirib.
AGF rəsmisi Lent.az-a açıqlamasında M. Allahverdiyevin toplantıdan kənarda qalmasını onun hazırda heç bir idman təşkilatında çalışmaması ilə əlaqələndirib: “Məhyəddin Allahverdiyev bizim çox sevimli dostumuz və şöhrətli idmançımızdır. Sadəcə, Güləş Federasiyasının konfransına ölkənin idman təşkilatlarında çalışan mütəxəssislər çağırılıb. Lakin bu, Məhyəddin müəllim və ya digər şöhrətli güləşçi və məşqçilərimizin toplantıya dəvət olunmamaları anlamını verməməlidir. Məsələ burasındadır ki, federasiyanın konfransında iştirak üçün hər hansı fərdi şəxslərə deyil, idman təşkilatlarından cavabdeh şəxslərə dəvətnamələr göndəririk”.
C. Qurbanov, həmçinin məşhur pəhləvanımızın 1993-cü ildən çalışdığı AGF İcraiyyə Komitəsi üzvlüyündən kənarlaşdırıldığını söyləyib. O, qəbul etdikləri qərarı belə əsaslandırıb: “AGF İcraiyyə Komitəsində çalışanlar real, aktiv fəaliyyət göstərənlərdən ibarətdir. Onların hər biri müvafiq təşkilatların idman həyatında çalışmalıdırlar”.
Elşən