Mehriban Əliyeva Moskvada Rusiyanın aparıcı KİV-lərinin rəhbərləri ilə görüşüb - FOTO
[ 11 Aprel 2015 23:35 ]
APA-nın “AZƏRTAC”a istinadən verdiyi xəbərə görə, sonra Azərbaycanın birinci xanımı “Rossiya-24” telekanalının “Vesti nedeli” həftəlik analitik informasiya proqramına müsahibə verib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva TASS Agentliyində olublar.
TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman görüşü açaraq bildirdi ki, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın TASS Agentliyinə gəlməsi onlar üçün böyük şərəfdir. Bakıda keçiriləcək Birinci Avropa Oyunları barədə məlumat verən M.Qusman qeyd etdi ki, bu Oyunların keçirilməsi unikal hadisədir. Azərbaycanda bu Oyunların keçirilməsinə böyük əhəmiyyət verirlər.
Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva yenidən Moskvada olmasından məmnunluğunu bildirərək qeyd edib ki, bu şəhərlə onu bir çox xoş xatirələr bağlayır. İlk Avropa Oyunlarından danışan Azərbaycanın birinci xanımı bu idman tədbiri ilə əlaqədar ölkəmizdə görülən işlərdən bəhs edib. Mehriban Əliyeva bildirib ki, ilk Avropa Oyunlarının məhz ölkəmizdə keçirilməsi bizim üçün həm böyük şərəf, həm də məsuliyyətdir. Azərbaycanın birinci xanımı qeyd edib ki, ölkəmizdə bu Oyunlara dövlət, ictimai təşkilatlar, sadə vətəndaşlar tərəfindən həm böyük dəstək, həm də böyük maraq var. “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edildiyini bildirən Heydər Əliyev Fondunun prezidenti vurğulayıb ki, hazırda “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı işlər final mərhələsinə qədəm qoyub. Qarşıya qoyulan bütün məqsədlərə nail olunub, bütün xidmətlər Oyunlara tam hazır vəziyyətdədir. Hazırda Oyunların açılış mərasiminə ciddi hazırlıq gedir. Azərbaycanın birinci xanımı bildirib ki, bu Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı qərar Azərbaycanda idmana göstərilən dövlət qayğısı, respublikanın paytaxtı ilə yanaşı, regionlarda da müasir idman infrastrukturunun yaradılması, idmançılarımızın beynəlxalq idman yarışlarında qazandığı uğurlarla bağlıdır. İlk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri vurğulayıb ki, bu Oyunlarda iştirak edəcək idmançıların və ölkəmizə gələcək nümayəndə heyətlərinin rahatlığını təmin etmək üçün bütün işlər görülüb. Beynəlxalq ekspertlərin qənaətinə görə, Azərbaycanda yaradılan Olimpiya Kəndi dünyada indiyədək yaradılan ən gözəl kəndlərdən biridir. Bundan əlavə, kütləvi informasiya vasitələri üçün də Media Kəndinin yaradıldığını diqqətə çatdıran Azərbaycanın birinci xanımı tədbir iştirakçılarını Oyunlara baxmağa dəvət edib.
Sonra Mehriban Əliyeva Rusiya Federasiyasının nüfuzlu aparıcı kütləvi informasiya vasitələri rəhbərlərinin “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı suallarını cavablandırıb. Bildirilib ki, Azərbaycan qonaqpərvər ölkədir və xalqımız ölkəmizə gələcək qonaqları səbirsizliklə gözləyir. Son illərdə paytaxt Bakıda müasir mehmanxana komplekslərinin inşa olunduğunu qeyd edən Mehriban Əliyeva ölkəmizin iqtisadi inkişafı, beynəlxalq aləmdə qazandığı uğurlar, beynəlxalq idman ictimaiyyətinin Azərbaycanı dəstəkləməsi barədə də ətraflı məlumat verib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Heydər Əliyev Fondu və Fondun Rusiya nümayəndəliyinin fəaliyyəti barədə danışıb. Səfir bildirib ki, Fondun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiya nümayəndəliyi bu ölkənin müxtəlif şəhərlərində çox mühüm humanitar və sosial layihələr həyata keçirir.
Azərbaycanın birinci xanımı TASS-ın fotomüxbirlərinin müxtəlif dövrlərdə çəkdikləri fotolara baxıb.
Sonra Heydər Əliyev Fondunun prezidenti “Rossiya-24” telekanalının “Vesti nedeli” verilişinə müsahibə verib.
Birinci xanım Mehriban Əliyeva müsahibəsində Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq, “Bakı-2015” ilk Avropa Oyunlarına hazırlıq, ölkəmizdə hökm sürən tolerant mühit, Heydər Əliyev Fondunun uğurlu fəaliyyəti və digər məsələlərdən danışıb.