MDB-nin qərargahında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib
Minsk, 15 aprel,
AZƏRTACAprelin 14-də MDB İcraiyyə Komitəsində Birliyin iştirakçısı olan ölkələrin qurumun nizamnamə və digər orqanları yanında Daimi Səlahiyyətli Nümayəndələr Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC
qurumun Minskdəki qərargahının mətbuat xidmətinə istinadla xəbər verir ki, daimi səlahiyyətli nümayəndələr MDB Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) aprelin 3-də Bişkekdə keçirilən iclasının yekunlarını müzakirə ediblər. Xatırladaq ki, xarici siyasət idarələrinin başçıları qurum çərçivəsində qarşılıqlı fəaliyyətin müxtəlif aspektlərinə dair 15 məsələni nəzərdən keçiriblər. XİNŞ 2014-cü il üçün MDB çərçivəsində XİN-lərarası çoxsəviyyəli məsləhətləşmələr planının icrası və 2015-cü il üçün plan barədə qərar qəbul edib. XİNŞ MDB-nin iştirakçısı olan ölkələrin 2016-2020-ci illər üçün mədəniyyət sahəsində əsas əməkdaşlıq tədbirləri layihəsini bəyənib və baxılması üçün Birliyin Hökumət Başçıları Şurasına (HBŞ) təqdim edib.
Xarici siyasət idalərinin başçıları xarici sərhədlərdə təhlükəsizliyin möhkəmləndirilməsi, fövqəladə halların qabaqlanması və nəticələrinin aradan qaldırılması, Birlik ölkələrinin silahlı qüvvələrində hərbi-tətbiqi idman növlərinin inkişafı, radioloji, kimyəvi və bioloji vəziyyətə nəzarət və onun qiymətləndirilməsi sahələrində qarşılıqlı fəaliyyəti tənzimləyən sənədləri bəyəniblər.
MDB XİNŞ-in növbəti iclasını bu ilin oktyabrında - Birliyin Dövlət Başçıları Şurasının (DBŞ) iclası ərəfəsində Astanada keçirmək barədə qərar qəbul edilib.
Bundan əlavə, daimi səlahiyyətli nümayəndələr Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin hazırlanması və bayram edilməsi üzrə əsas Tədbirlər Planının icrasının gedişini müzakirə ediblər. MDB üzvü olan ölkələrin dövlət başçılarının 1941-1945-ci illər Böyük Vətən müharibəsində sovet xalqının qələbəsinin 70 illiyi ilə əlaqədar Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciəti barədə qərar qəbul edilib.
Qeyd olunub ki, MDB ölkələrində “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 ili” vahid yubiley medallarının hazırlanması təşkil edilib və onların təntənəli təqdimatına başlanıb. Moskvada hərbi parada hazırlıq işləri başa çatmaq üzrədir. Burada 10 dövlətin parad dəstəsi, habelə 160 veteran, o cümlədən 23 xarici dövlətdən 75 veteran iştirak edəcək. Mayın 8-də MDB iştirakçısı olan ölkələrin liderlərinin qeyri-rəsmi görüşü nəzərdə tutulur. Onlar mayın 9-da keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Rusiya paytaxtına gələcəklər. Birliyin digər ölkələrində hərbi paradların keçirilməsinə hazırlıq üzrə təşkilati tədbirlər görülür.
941-1945-ci illər Böyük Vətən müharibəsində qələbənin 70 illiyinin hazırlanması və bayram edilməsi üzrə Tədbirlər Planının, əsasən, müəyyən olunmuş müddətdə yerinə yetirildiyini bildirən DSNŞ-nin üzvləri onun icrasında MDB ölkələrinə hərtərəfli kömək etməyi qərara alıblar.
Daimi səlahiyyətli nümayəndələr 2016-cı ildə qeyd ediləcək MDB-nin yaranmasının 25-ci ildönümünün bayram edilməsi üzrə Tədbirlər Planının layihəsini də müzakirə ediblər.
Birliyin İcraiyyə Komitəsinə sənədi qurumun iştirakçısı olan ölkələrə göndərmək, onu ekspertlər səviyyəsində razılaşdırmaq və baxılması üçün bu ilin oktyabrında MDB XİNŞ və HBŞ-yə təqdim etmək təklif olunub.
DSNŞ-nin növbəti iclası mayın 19-na nəzərdə tutulub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk