Ölkə

Masallıda “İntellekt” bilik yarışması üzrə rayon birinciliyi keçirilib

Metbuat.az

Masallı, 9 aprel,

AZƏRTAC

Aprelin 8-də Masallı şəhərindəki Gənclər Mərkəzində “İntellekt” bilik yarışması üzrə rayon birinciliyi keçirilib.


AZƏRTAC

xəbər verir ki, rayon gənclər və idman idarəsinin, təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışmada orta ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, 14-29 yaşlı gənclər bilik və bacarıqlarını nümayiş etdiriblər.


Yarışın açılış mərasimində çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov “Azərbaycan gəncliyi 2011-2015-ci illər” Dövlət Proqramının icrası istiqamətində rayonda görülən işlərdən, həyata keçirilən tədbirlərdən söhbət açaraq, “İntellekt” oyununun gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, Azərbaycanın zəngin mədəniyyətini və tarixini təbliğ etmək məqsədi daşıdığını bildirib.


Gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasında Şərəfə kənd tam orta məktəbin komandası birinci, Banbaşı kənd tam orta məktəbinin komandası ikinci, Masallı şəhər 4 nömrəli tam orta məktəbin komandası üçüncü yerləri tutublar.


Qaliblərə kuboklar, diplomlar və qiymətli hədiyyələr verilib.