Dünya

Lufthansa konserni qatil-pilot Andreas Lubitsin psixi problemlərindən xəbərdar olub

Metbuat.az

Bakı, 1 aprel,

AZƏRTAC

Lufthansa aviasiya kompaniyasının martın 31-də dərc olunmuş bəyanatından sonra şirkət yeni tənqid və hiddət atəşinə tutulub.


AZƏRTAC

Euronews telekanalına istinadla xəbər verir ki, bəyanatda konsern rəhbərliyinin Lufthansa konserninin törəmə Germanwings şirkətinə aid qəzaya uğrayan A-320 təyyarəsinin ikinci pilotunun psixi problemlərindən xəbərdar olduğu deyilir. Məhz bu səbəbdən Andreas Lubits 2009-cu ildə Bremenin yay məktəbindəki təliminə bir neçə ay ara verməli olub. Lakin daha sonra aparılan tibbi müayinə onun uçuşa yararlı olduğunu təsdiq edib.


“Pilotların daha yaxşı seçilməsi, onların təliminin daha da təkmilləşdirilməsi üçün nə edəcəyimizi fikirləşməliyik. Lakin bu hadisə səbəbi ilə on illər ərzində on minlərlə pilotun nümunəvi seçimini və təlimini həyata keçirən şirkətin işinə şübhə ilə yanaşmaq düzgün deyil” –deyə Lufthansa konserninin başçısı Karsten Şpor vurğulayıb.


Bir həftə bundan əvvəl Lufthansa Andreas Lubitsin təlimə hansı səbəbdən fasilə verdiyini bilmədiyini iddia edirdi. Lakin sonradan pilotun tibbi sənədlərini Lufthansa aviasiya kompaniyasının yay məktəbinə göndərdiyi və onları “ağır depressiv vəziyyəti” ilə bağlı məlumatlandırdığı aydınlaşıb.


Qeyd edək ki, bir qədər əvvəl Marsel şəhərinin prokuroru Bris Roben qəzaya uğrayan A-320 təyyarəsinin "qara qutu"sunun deşifrə edilmiş səs yazısının qəzanı ikinci pilotun bilərəkdən törətdiyinə işarə etdiyini bildirmişdi. Müstəntiqlər Lubitsin qəsddən qapını kabinədən çıxan ekipaj komandirinin üzünə bağladığını və riskli eniş etdiyini güman edirlər.