Digər

London ANS-in aparıcısının gözü ilə (FOTO)

Metbuat.az

London bir azərbaycanlı üçün sözün bütün mənalarında gözdən uzaq, könüldən iraq bir şəhərdir. İngiltərə ilə Azərbaycanı 4000 kilometrə yaxın bir məsafə ayırır. Ölkələr qədər insanlar da bir-birindən kifayət qədər fərqlidir…İlk dəfə Londona gələn bir azərbaycanlı kimi mən də özümü burda olduqca yad, qərib hiss edirdim. Kitablarda gördüyümüz Big Ben, London Tower, Trafalgar Meydanı, bir sözlə hər şey bizə çox yad, soyuq görünürdü. Amma Viktoriya və Albert muzeyindən başqa…Dünya sənətinin və tarixinin göz bəbəklərinin qorunduğu bu muzeydə bizi babalarımızın toxunduğu əşyalar gözləyirdi.





Muzeyə girən kimi digər eksponatlara fikir vermədən onu axtarırıq — məşhur Şeyx Səfi xalçasını. İslam İncəsənəti zalında divarlardakı xalçalar arasında onun adına rast gəlmirik. Ümidsiz halda zaldan çıxmaq istəyəndə düz mərkəzdə yerə sərilmiş xalçanı görürük. Bizim bəlkə də sevgimizdən yüksəklərdə axtardığımız Şeyx Səfi xalçasını Viktoriya və Albert muzeyinin mütəxəssisləri ehtiyat tədbiri olaraq döşəmədə yerləşdiriblər. Xüsusi şüşə örtüklə ətrafları və üzəri ötrülüb. Muzeydə Ərdəbil Xalçası adı ilə təqdim olunan bu eksponat gündə yalnız bir neçə dəfə, cəmi 5-10 dəqiqəlik işıqlandırılır. Bu qərarı verən mütəxəssislər hesab edir ki, güclü işıq xalçanın rənglərini soldura, onun gözəlliyinə xələl gətirə bilər. Həqiqətən də 4 əsrdən çox yaşı olan bu sənət nümunəsinin belə yaxşı vəziyyətdə qalması insanda heyrət doğurur.





Azərbaycanda Şeyx Səfi, qərbdə isə daha çox Ərdəbil adı ilə tanınan bu xalça 1539-cu ildə Səfəvi hökmdarı I Təhmasibin sifarişi ilə Ərdəbil məscidi üçün toxunub. Dünyanın ən böyük xalçalarından biri sayılır, uzunluğu 11,5 metr , eni 5,34 metr, ümumi sahəsi 61 kvadrat metrdir. İngiltərəyə 1893-cü ildə hərracda alınaraq gətirilib. İngilislər bu sənət əsərini əldə etmək üçün uzun danışıqlar aparıb. Viktoriya və Albert Muzeyi isə onu ingilis tacirlərindən alıb muzeydə saxlamaq üçün lazım olan pulu sadə vətəndaşlardan toplayıb. Nəhayət Şeyx Səfiyə sahib çıxıb onu Londonda bu günə qədər saxlayıblar.





Azərbaycanın sənət əsərinin belə bir muzeydə nümayiş olunması nə qədər qürurverici olsa da, onun İran xalçası kimi təqdim olunması bir o qədər təəssüf doğurur. Muzeydəki lövhədə Səfəvilər İranı idarə edən sülalə, Ərdəbil (Şeyx Səfi) xalçası isə onların tarixinin tərkib hissəsi kimi göstərilir. Azərbaycan adına cəmi bir dəfə rast gəlmək olar: “İranın şimal-qərbində əyalət” kimi.





Bütün bunları gördükdə, insanın içindən yüksək səslə Şeyx Səfinin Azərbaycan xalçası, Səfəvilərin Azərbaycan dövləti olduğunu qışqırmaq gəlir. Amma müasir dövrdə bu, təbliğatın ən axmaq formasıdır. Doğrudur, zamanında digər ölkələrin muzeylərinə gedib çıxmış nümunələrimizi geri qaytarmaq çətin, bəlkə də qeyri-mümkündür. Amma onun insanlara belə təqdim olunmasını dəyişə bilərik. Bunun üçün dövlətlərarası əlaqələrdən, diplomatik kanallardan istifadə etmək olar. Şeyx Səfi xalçasını zamanında maddi olaraq itirmişiksə, indi onun bizimlə olan mənəvi bağları da qopmaqdadır… Ən təhlükəlisi isə məncə budur.





Viktoriya və Albert Museyində Şeyx Səfi tək deyil. Burda Səfəvi hökmdarı, Şah İsmayılın oğlu Şah Təhmasibin üzəri qızılla örtülmüş qılıncı da saxlanır. Səfəvilərə aid miniatürlər, saxsı qablar da Vikoriya və Albert Muzeyinin ən dəyərli əşyaları sırasındadır. Amma təəssüf ki, hamısı İran nümunələri adı altında.





Bəlkə də indiyə qədər heç kəsə məlum olmayan bir xalçamıza da Londondan bir qədər aralıda, dünyanın sıfır nöqtəsində, Qrinviçdə rast gəlirik. Məşhur rəsədxananın kiçik bir muzeyində qırmızı, Qazax məktəbinə aid həndəsi ornamentlərlə toxunmuş bir xalı qarşımıza çıxır. Özü də maraqlıdır ki, xalça tərsinə bükülmüş vəziyyətdə, otaqlardan birinin küncündə qoyulub. Ona aid heç bir məlumat, yazı yoxdur.





Bütün bunlar sadəcə bizim gördüklərimiz, bildiklərimizdir. Dünyaya səpələnmiş incəsənət nümunələrimizin çoxundan isə xəbərimiz yoxdur.



British Council, Paşa Bank və Tomson Fondunun təşkil etdiyi layihə çərçivəsində bir həftəlik London təəssüratlarımdan bu qənatə gəldim ki, nə London taksilərinə, nə nəhəng “London Eye” çarxına sahib olmaqla bizdən ingilis olmayacaq. Ən yaxşısı özümüzə aid olan dəyərlərimizə sahib çıxıb, azərbaycanlı kimi dünyaya tanınmaqdır. Xoşbəxtlikdən bu dəyərlərimiz də kifayət qədərdir. Hətta onların bəzilərinə ingilislər belə həsəd apara bilər.

Mənbə
ANS PRESS, Vəfa Şəhlayi