Mədəniyyət

“Ləzgicə-azərbaycanca lüğət” çap olunub

Metbuat.az

Bakı, 9 aprel,

AZƏRTAC

Bu günlərdə “Azərbaycan” nəşriyyatı tərəfindən 70 min lüğət vahidindən ibarət olan 800 səhifəlik “Ləzgicə-azərbaycanca lüğət” kitabı nəfis tərtibatla çap edib.


AZƏRTAC

xəbər verir ki, 1000 nüsxə tirajla nəşr edilən və geniş oxucu kütləsinə təqdim olunan bu kitab ləzgicə-azərbaycanca ilk böyük lüğətdir. Lüğət ləzgi dilini öyrənənlərə, habelə ləzgi dilindən Azərbaycan dilinə tərcümə işi ilə məşğul olanlara yardımçı olacaq. Eyni zamanda lüğət ləzgi ədəbi dilinin sözlərini araşdıranlara və respublikamızın dövlət dili olan Azərbaycan dilini mükəmməl öyrənmək istəyənlərə bu sahədə köməklik edəcək.


Lüğət tərtib edilərkən 1950-ci ildən indiyədək nəşr olunmuş rusca-ləzgicə, rusca-azərbaycanca, həmçinin ləzgicə-rusca və azərbaycanca-rusca lüğətlərdən, bu dillərdə çapdan çıxmış orfoqrafıya lüğətlərindən və izahlı lüğətlərdən geniş istifadə olunub. Lüğətin sözlüyü ləzgi dilinin ən yeni lüğətlərinə, başlıca olaraq Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən nəşr olunmuş üçcildli “Ləzgi dili lüğəti”nin (2012) və “Rusca-ləzgicə lüğət”in (2013) sözlüyünə əsasən bir çox yeni söz və ifadələrlə təkmilləşdirilib.


Ümumiyyətlə, lüğətə 2 mindən çox qədim, təzə və dialekt sözləri salınıb. Buraya əvvəllər geniş istifadə olunmuş, indi köhnəlmiş bəzi sözlər də düşüb. Eyni zamanda lüğətə 1998-2014-cü illərdə “Samur” qəzeti redaksiyası əməkdaşlarının topladığı və ilk dəfə olaraq “Гафалаг” (“Lüğət”) rubrikası ilə qəzetdə dərc olunmuş 4 minədək söz də salınıb.


Bu nəşrdə ləzgi dilində işlənən idiomatik ifadələrə, frazeoloji tərkiblərə daha geniş yer ayrılıb. Onların azərbaycanca müvafiq qarşılığı, bu kimi qarşılıq olmadıqda isə izahı verilib.


Təqdim olunan lüğət əsasən tərcümə lüğətidir. Lüğəti tanınmış qələm sahibləri Sədaqət Kərimova və Müzəffər Məlikməmmədov tərəfindən tərtib edilin. Nəşrə Rusiya və Azərbaycanın görkəmli alimləri rəy verib.