Ölkə

Kürdəmirdə bir qrup çağırışçı gənc hərbi xidmətə yola salınıb

Metbuat.az

Kürdəmir, 3 aprel,

AZƏRTAC

Prezident İlham Əliyevin Sərəncamına əsasən ölkəmizdə aprelin 1-dən gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyasına start verilib.


AZƏRTAC

xəbər verir ki, aprelin 3-də Kürdəmir şəhərindəki Heydər Əliyev parkında bir qrup çağırışçı gəncin təntənəli surətdə yolasalma mərasimi keçirilib. Mərasimdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, valideynlər, ziyalılar, ağsaqqallar və gənclər iştirak ediblər.


Çağırışçı gənclər əvvəlcə parkda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.


Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Kürdəmir rayon şöbəsinin rəis əvəzi Rauf Mirzəyev mərasimi açaraq Azərbaycan Ordusunun keçdiyi çətin və şanlı tarixi yol haqqında ətraflı məlumat verib, gənclərə əsgəri xidmətdə uğurlar arzulayıb.


Çıxış edən valideynlər çağırışçılara öz məsləhət və tövsiyələrini, xeyir-dualarını veriblər.


Rayon icra hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli təntənəli mərasimdəki çıxışında hərbi xidmətə yola düşən gəncləri, onların valideyinlərini təbrik edib. Gənclərin Vətənin layiqli, fədakar müdafiəçisi olacaqlarına, ordu quruculuğu sahəsində Heydər Əliyev ideyalarına, eləcə də Ali Baş Komandan, Prezident İlham Əliyevin milli ordumuzun daim möhkəmlənməsi üçün göstərdiyi diqqət və qayğıya əməli işləri, nümunəvi xidmətləri ilə cavab verəcəklərinə əminliyini bildirib.


Çağırışçılar adından danışan Əliyusif Əsədov Vətənin keşiyində layiqincə dayanacaqlarını, nümunəvi əsgər olacaqlarını, doğma yurdun, el-obanın, valideyinlərin inamını yüksək səviyyədə doğruldacaqlarını söyləyib.


Rayon incəsənət ustalarının konserti ilə müşayiət olunan mərasimin sonunda çağrışçı gənclər “Azərbaycan” mahnısının sədaları altında yola salınıblar.