Dünya

Koalisiyanın Yəməndə apardığı əməliyyatlar üsyançıların hərbi potensialını zəiflədir

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Yəməndə hərbi əməliyyatlar başlandıqdan bəri koalisiya təyyarələri “Ənsar Allah” hərəkatının tərəfdarları, husi-şiə üsyançılarına məxsus silah anbarlarının 80 faizini məhv edib. Bu barədə “Qətiyyət tufanı” əməliyyatının rəsmi nümayəndəsi Əhməd Useyri məlumat verib.


AZƏRTAC

Vesti.ru saytına istinadla xəbər verir ki, Əhməd Useyrinin sözlərinə görə, hava zərbələri nəticəsində üsyançıların Hərbi Hava Qüvvələrinin müdafiə potensialı da demək olar ki, sıfıra endirilib.


Təxminən üç həftə ərzində davam edən əməliyyatlar zamanı Səudiyyə Ərəbistanı və onun müttəfiqləri 2300 hava reydi həyata keçirib. Təkcə ötən sutka ərzində ölkənin cənubundakı döyüşlərdə 100-ə qədər insan həyatını itirib.


Bu arada Yəmənin Krallıqla sərhədində cəmlənən qoşun hissələrinin komandiri onların qanuni prezident Abd Rabbo Mənsur Hadini dəstəklədiklərini bəyan edib. Ordunun tərkibinə ən azı 15 min hərbçinin daxil olduğu bildirilir.


Xatırladaq ki, martın 26-na keçən gecədən etibarən Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələri Yəmən ərazisində şiə üsyançılarının mövqelərinə hava zərbələri endirməyə başlayıb. Yəməndə qanuni prezident Abd Rabbo Mənsur Hadi hakimiyyətinin bərpa olunmasına yönələn “Qətiyyət tufanı” kod adı altında aparılan əməliyyatlara sonradan Misir, İordaniya, Mərakeş, Pakistan və Sudan da qoşulub.