Digər

Kim atlı, kim piyada? (VİDEO)

Metbuat.az

Novruz müəllimlə söhbət mənim yadıma başqa bir əhvalatı saldı. 1992-ci ildə dəbdə olan Biz böyük oyunun kiçik peşkalarıyıq. O zaman bu fikri deyən adam mütləq alnınını mənalı şəkildə qırışdırmalı, mənalı-mənalı göz süzdürməli və təxminən bundan belə çıxmalıydı ki, sizin bilmədiyiniz çox şeylər var, qardaş! 23 il əvvəl deyilmiş fikrə bu gün qayıtmaq qərarına gəldim. Biz bu gün kimik, daha doğrusu beynəlxalq taxtada statusumuz nədir? Kimlərsə Azərbaycanı yenədəmi piyada hesab edir?



90-cı illərin solğun, mənhus mənzərəsindən baxanda Azərbaycan necə görünür? Dövlətimizin çadırlarda səndələyən müvazinəti. Səmti məlum olmayan qatarın vaqonlarında donub qalmış, heç cür keçib getməyən, gedə bilməyən zaman… Parçalanmaq ərəfəsində olan Azərbaycanın çılım-çılpaq büdcəsi, bir yanda erməniyə, bir yanda qəpiyə güllə atan miskin, nimdaşı çıxmış Azərbaycan. Hərdən istəyirsən ki, kadrı iki yerə bölüb bir yanda köhnə, didik-didik olan, dünya dövlətləri arasında ən sonuncu yerlərdən birini, bəlkə də sonuncunu tutan, prezidentləri burun dəsmalı tək ildə dəyişən, banan, Yusif Səmədoğlunun təbirincə desək badımcan respublikası Azərbaycanı, bir yanda isə BMT Təhlükəsizlik Şurasına sədrlik etməyə qədər ucalmış, deməli dünyanın ən birinci dövləti olmuş Azərbaycanı, onun bütün uğurlarını göstərəsən. Özü də həmişə. Göstərəsən ki tamaşçılar, vətəndaşlar, qocalar, cavanlar, uşaqlar - hamı görsün. Çünki adam unutqandır. Hardan gəlib hara getdiyini bilmək təkcə sufilərin “kandan məkana” fəlsəfəsi ilə yaşayan müdriklərə xas olmur. Azərbaycana 23 il əvvəl piyada deyənlərin şahmatdan doğrudan başı çıxırsa, o zaman ən azı bu gün obyektiv olaraq həmin vəziyyətin aradan qalxdığını, piyadanın şahmatda vəzirə çevrilmək iqtidarında olan yeganə fiqur olduğunu və Azərbaycanın da artıq məharətlə vəzirə çevrildiyini gərək etiraf etsin.Gəlin sadalayaq: Azərbaycan ordusu nəinki regionun ən güclü ordusu sayılır, həm də ölkəmiz özü silah-sursat, hərbi texnika istehsal edir, dünyada sülhməramlı əməliyyatlarda iştirak edir, ən güclü dövlətlərlə bərabər hüquqlu müqavilələr imzalayır, dünya birincisi olmuşuq, olimpiya birincisi olmuşuq, Avroviziya birincisi olmuşuq, necə deyərlər, day kosmosa da uçmuşuq… Planetin altı kosmik dövlətindən biriyik. Hətta Luvr muzeyində belə bacarıqlı əl işlərimiz var.



Əlbəttə, həll etmədiymiz problem də var - Qarabağ. Ona görə ki, elə elementlər var ki, mürəkkəbdə suda yox, qanda həll olunur. Amma bu da hələ kifayət deyil… Biz qalsa onu 3 günə həll edərik… Mövcud beynəlxalq şərait imkan vermir. Biz mövcud reallıqlarla, beynəlxalq münasibətlərlə hesablaşmalıyıq. Amma bu heç də kiminsə piyadası olmaq deyi. Unutmayaq ki, böyük balıqlar balaca balıqları həmişə yeyir və biz əgər bu günədək özümüzü böyük balıqların ağzından qoruyub, hətta bu böyük balıqların akvariumunda başa keçib, onlara təhlükəsizlik katibi kimi BMT-də hökm vermişiksə, deməli hardasa özümüz də bir böyük balığa çevrilmişik və bu uğuru etiraf etməyi bacarmalıyıq. Qarabağ problemini həll edə bilməməyimiz heç də müstəqilliyimizlə bağlı deyil. Yəni burda da kiminsə piyada, kiminsə atlı olmasından söhbət getmir. Çünki böyük dövlətlərin də elə problemləri var ki, Azərbaycanın iştirakı olmadan həll edilmir.



“Biz öz sözümüzü deyirik, deyəcəyik. Qeyd etdiyim kimi, bizim beynəlxalq nüfuzumuz artır. Azərbaycanla hesablaşmamaq artıq mümkün deyil və ölkəmizin iştirakı, razılığı olmadan bölgədə heç bir təşəbbüs irəli sürülə və öz həllini tapa bilməz”, – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bəyan edib.



İndi Azərbaycan təkcə Qarabağı və ona bitişik əraziləri azad etmək istiqamətində döyüşmür. Müşahidələrimiz göstərir ki, söhbət indi daha artıqdan gedir. Ermənistanın işğal etdiyi, tarix boyu mənimsədiyi bütün torpaqlarımızı, əzəli Azərbaycan torpaqlarını azad etməkdən. İlk dəfə bu bəyanatı eşidəndə elə düşünmüşdüm ki, siyasi təzyiq vasitəsidir. Dövlət belə bəyanatları ilə Ermənistana təzyiqin, ideoloji növünü tətbiq edir. Amma indi görünür ki, yooox, düz anlamamışam, burada səlis işlənmiş, qətiyyətlə qoyulan, ardıcıl siyasi-hərbi xəttə çevrilən, getdikcə daha da sərtləşən dövlət mövqeyi var.



“Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir. Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun!” – deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bildirib.



Eşitdiniz, daha getsinlər yox, tərk etsinlər yox, rədd olsunlar deyirik!!! Burada nə aydın deyil… Heç piyada dövlət də belə arxayın danışar? Bilə-bilə ki, qarşındakı kimdir və kiminkidir. 23 il əvvəl səslənmiş piyada sözünü xatırladım və bütün bunları sizə danışdım, həm də göstərdim!



Beləliklə yenidən piyada sözünü deyirəm. Piyada və çox istəyirəm ki, bundan sonra piyada sözünü eşidən hər bir azərbaycanlı ya dövlətimizin ağır keçmişini xatırlasın, ya da düşünsün ki, onun güclü ordusu və bu ordunun da çooox güclü piyadaları var…



Mənbə
Hesabat: Mir Şahin