Kibermüharibələr Avropanı narahat edir
Berlin, 14 aprel,
AZƏRTACEkspertlər Fransanın “TV5 Monde” teleşirkətinə haker hücumunu terror aktı kimi dəyərləndirirlər. Ölkənin müdafiə naziri isə bunu “başlanmış kibermüharibə” hesab edir.
Özlərini “kiberxəlifət” adlandıran hakerlər “TV5 Monde” televiziyasının bütün kanallarda yayımını nəinki pozublar, həmçinin fransız teleşirkətinin portalında və sosial şəbəkələrdəki səhifələrində təbliğat materialları yerləşdiriblər. Normal yayımı bərpa etmək üçün mütəxəssislərə bir neçə saat lazım gəlib.
Bu hadisədən əvvəl isə islamçı hakerlər internet şəbəkəsində Amerika ordusunun məxfi sənədlərini yerləşdiriblər. Buna bənzər xəbərlərin sayı artmaqdadır. Məsələn, məlumdur ki, hakerlər Ağ Evin daxili şəbəkəsinin müdafiəsini dağıdıb və ABŞ Prezidenti Barak Obamanın görüş və səfərlərinin qrafikini əldə ediblər. Lakin bu da hamısı deyil. Avropa İttifaqının terrorizmə qarşı mübarizə üzrə koordinatoru Jil de Kerşov “Die Welt” qəzetinə müsahibəsində deyib: “İstisna etmək olmaz ki, “Əl-Qaidə” qruplaşmasından və ya İŞİD-dən olan terrorçu hakerlər iri miqyaslı terror aktı törətmək məqsədilə elektrik, yaxud qaz təchizatı şəbəkələrinə, uçuşların təhlükəsizliyi xidmətlərinə hücum edə bilərlər”.
Vüqar Seyidov
AZƏRTAC-IN xüsusi müxbiri
Berlin