IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı müqavilə imzalanıb
Bakı, 7 aprel, Səxavət Quliyev,
AZƏRTACAprelin 7-də “Fairmont Baku” otelində IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsi ilə bağlı İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) ilə müqavilə imzalanıb.
AZƏRTAC
xəbər verir ki, müqaviləni Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və İHİF-in prezidenti, Səudiyyə Ərəbistanının gənclər və idman naziri, Səudiyyə Ərəbistanın Olimpiya Komitəsinin prezidenti, Əlahəzrət Şahzadə Abdullah Bin Mosaad Bin Abdulaziz Alsaud imzalayıblar.
Qeyd edək ki, 2013-cü ilin iyulunda Səudiyyə Ərəbistanının Ciddə şəhərində İHİF-in səkkizinci hesabat-seçki Baş Assambleyası çərçivəsində federasiyaya üzv olan Milli Olimpiya Komitələri 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün Azərbaycanın namizədliyinə səs veriblər. Tam səs çoxluğu ilə ölkəmizin 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi barədə qərar qəbul edilib.
IV İslam Həmrəyliyi Oyunları 2017-ci il mayında keçiriləcək. 57 ölkəni təmsil edən idmançıların qatılacağı yarışın əsas şüarı “Həmrəylik bizim gücümüzdür” seçilib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci il 4 iyun tarixli Sərəncamı ilə 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.