“İstedadlı Əlillər” ictimai birliyinın layihəsi müsabiqədə qalib olub
Bakı, 14 aprel,
AZƏRTAC“İstedadlı Əlillər” ictimai birliyinin “Fiziki məhdudiyyəti olan istedadlı insanların cəmiyyətə inteqrasiyasına dəstək” adlı layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-ə Dövlət Dəstəyi Şurasının keçirdiyi müsabiqənin qalibi olub.
İB-dən
AZƏRTAC-a bildiriblər ki, layihə fiziki məhdudiyyəti olan istedadlı şəxslərin yaradıcılıq imkanlarının inkişaf etdirilməsi və cəmiyyətə inteqrasiya ilə bağlı problemlərin həllinə yönəlib. Layihə çərçivəsində fiziki məhdudiyyəti olan şəxslərin yaradıcılıq imkanlarının, bilik və bacarıqlarının müəyyənləşdirilib inkişaf etdirilməsi və üzə çıxarılması işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əlavə layihə iştirakçılarında sosial aktivliyin yaradılması, onların sosial aktiv vətəndaş kontingentinə adaptasiya olunması missiyası da layihə çərçivəsində görüləcək işlər siyahısında yer alib.
Layihənin keçirilməsində əsas məqsəd fiziki məhdudiyyəti olan şəxslərin yaşadığı problemlərin həllinə köməklik göstərmək, parlaq gələcək qurmaqda onlara yardımçı olmaq və sosial aktiv vətəndaşları bu yöndə fəaliyyətə cəlb etməkdir. Bundan əlavə fiziki məhdudiyyəti olan şəxslərin özlərinin də ictimai fəaliyyətdə aktivlik göstərməsi, müxtəlif layihələrdə iştirakı, sosial aktivliyi layihənin məqsədləri sırasına daxildir.
Altı ay ərzində keçiriləcək layihənin qarşısına qoyduğu vəzifələr sadalanan məqsədlərin həyata keçirilməsi yönümdə təlimlər, konsultasiyalar, seminarlar, müsabiqələr, sərgilər və konsertlər keçiriləcək.