Digər

İsmayıllıda əmək yarmarkası keçiriləcək

Metbuat.az

[ 10 Aprel 2015 17:43 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın bölgələrində 2015-ci il üzrə əmək yarmarkalarının təşkilinə başlanıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ilk əmək yarmarkasının aprelin 14-də İsmayılı rayonunda keçirilməsi nəzərdə tutulur.

Rayonun Gənclər Mərkəzində təşkil olunacaq aktiv məşğulluq tədbirində 46-ı dövlət, qalanları özəl sektora məxsus 78 müəssisə üzrə 270-ə yaxın boş (vakant) iş yeri işsiz və işaxtaran vətəndaşlara təqdim olunacaq. Onlardan 122-i qulluqçu, 143 - fəhlə peşələri üzrə olan iş yerləridir.

Boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin də iştirak edəcəyi tədbirdə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək istəyənlərin qeydiyyatı da aparılacaq.