“İşıqlanan yaddaş” mövzusunda tədbir-sərgi
Bakı, 3 aprel, Z.Mansurova,
AZƏRTACAprelin 3-də İstiqlal Muzeyinin ekspozisiyasında “21 Azər” milli-azadlıq hərəkatının fəal iştirakçılarından olan general Cəfər Kavianın 120 illik yubileyinə həsr olunmuş “İşıqlanan yaddaş” adlı tədbir-sərgi keçirilib.
AZƏRTAC
xəbər verir ki, sərgidə ilk dəfə olaraq Cəfər Kavianın şəxsi əşyaları, fotoşəkilləri, sənədləri nümayiş olunub.
Tədbirdə Muzeyin direktoru Fəridə Şəmsi bildirib ki, Cəfər Kavian Səttarxanın başçılığı ilə 1906-1907-ci illərdə “Məşrutə” hərəkatının fəal üzvü olub. Beləcə əfsanəvi generalın əzablı həyat yolu başlayıb.
Diqqətə çatdırılıb ki, Cəfər Kavian “21 Azər” hərəkatının fəal üzvü, Seyid Cəfər Pişəvərinin başçılıq etdiyi Azərbaycan Demokratik Partiyasının yaradıcılarından biri, Milli Yığma Qoşun başçısı, Milli Məclisin üzvü olmuş, milli özünümüdafiə naziri, sonradan isə müdafiə naziri təyin edilmişdir. Cəfər Kavian tarixi xidmətlərinə görə I dərəcəli Səttarxan ordeni və “21 Azər” medalı ilə təltif olunub.
Onun arxivini, mükafatlarını, hərbi formasını və digər şəxsi əşyalarını uzun illər ərzində generalın oğlu Marks (Maksud) Kavian qoruyub saxlayıb. O, 2014-cü il mayın 16-da bu əşyaları daimi saxlamaq üçün Azərbaycan İstiqlal Muzeyinə verib.
Diqqətə çatdırılıb ki, Cəfər Kavian inqilabi fəaliyyəti dövründə 3 dəfə Bakıya gəlib. İranda inqilab fədailəri qətlə yetirildikdən sonra, 1945-ci ildən taleyini bütövlükdə Azərbaycanla bağlayıb. 1975–ci ildə dünyasını dəyişib və Bakıda dəfn olunub.
Sonda Cəfər Kavianın oğlu Marks Kavian atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.