Dünya

İŞİD-in əsl lideri öldürüldü - VİDEO - FOTO

Metbuat.az
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yarandığı gündən bu yana ən ağır zərbəni alıb. Terror təşkilatının rəhbəri "xəlifə" Əbubəkir əl Bağdadi hesab olunsa da, o, əslində bir marionetkadır.
 
Təşkilatın gerçək banisi, ideoloqu və lideri general İzzət İbrahim əd Durri idi.
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, İraq ordusunun və şiə könüllü dəstələrin ölkənin Səlahəddin vilayətində keçirdikləri birgə əməliyyat zamanı general Durri qətlə yetirilib.
 
Əməliyyat Tikrit şəhərindən şərqdəki Uvi neft mədənləri bölgəsində reallaşdırılıb.
 
73 yaşlı general İzzət İbrahim əd Durri Tikrit şəhərində anadan olmuşdu. O, 1974-1979-cu illərdə İraqın DİN başçısı, 1979-2003-cü illərdə İraq İnqilabi Komandanlıq Şurasının sədri Səddam Hüseynin müavini, 1991-2003-cü illərdə BƏƏS Partiyasının katibi olmuşdu.
 
ABŞ-ın İraqı işğal etməsi, Səddam Hüseynin ələ keçirilməsi və edamından sonra əd Durri BƏƏS-in sədri, amerikalılara qarşı müqavimətin liderlərindən biri, İraqın yeni hökumətində sünnilərin kölgədəki rəhbəri olmuşdu.
 
2007-ci ilin oktyabrın 3-də o, İraq ordusu, polisi və xüsusi xidmət orqanlarında Səddama sadiq, amma işdən çıxarılmış və həbsdən azad olmuş tərəfdarlarından ibarət "Azadlıq və Cihadın Ali Komandanlığı Şurası"nı yaratmışdı.
 
İŞİD-in banisi və gerçək liderinin də məhz general İzzət İbrahim əd Durri olduğu deyilirdi.
Səlahəddin vilayətində keçirilən əməliyyat zamanı Durri və onun 9 mühafizəçisinin olduğu maşın karvanı pusquya salınıb. Avtomobillərə yaylım atəşi açılması nəticəsində general əd Durri həlak olub.
 
ABŞ generalı ən təhlükəli terrorçulardan biri elan etmiş, onun həbsi və ya məhvi ilə sonuclanacaq əməliyyata imkan verən məlumatı təqdim edəcək insana 10 milyon dolların veriləcəyini bildirmişdi.
 
General əd Durrinin cəsədi dünən şüşə tabutda Bağdada aparılıb. On minlərlə iraqlı məşhur generalın dəfnində iştirak edib.
Mərhum generalın nəvəsi Məhəmməd əd Durri babasının qisasını alacağını bildirib. Məhəmməd generalın qızı Leyla və Səddam Hüseynin böyük oğlu Udayın oğludur.
 
General Durrinin nəvəsinə İraqdakı İŞİD dəstələrinin də tabe olduğunu Səlahəddin vilayətinin qubernatoru Rəid əl Cəburi istisna etməyib.
 
Xatırladaq ki, Durri həm də İraqdakı nəqşbəndilərin şeyxi idi.
 
Milli.Az