İdman
İrəvana yox deyib, Şəmkirə gəldilər
"Synergy Group"un təşkilatçılığıyla keçirilən mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2015" turnirində 2-ci turun oyunları keçirilib. Fanat.az xəbər verir ki, görüşlərdən sonra şahmatçılar fikirlərini bildirib:
Şəhriyar Məmmədyarov (Azərbaycan): "Dünya çempionuna qarşı oynamaq hər zaman çətindir. Hər hansı psixoloji təzyiqdən söhbət gedə bilməz. Sadəcə bu gün Maqnus istədiyim gedişləri etmədi. Həmin gedişlər olsaydı partiya fərqli istiqamətdə gedəcəkdi. O tam başqa cür oynadı. Şahmatda uduzmaq olar, amma belə uduzmaq yaxşı deyil".
Maqnus Karlsen (Norveç): "Bu gün oyunum yaxşı oldu. Rəqibə istədiyi gedişləri vermədim. Debütdən üstünlük qazandım və onu sona qədər qorudum. Nəticədə ilk qələbəmi qazandım. Bu nəticəni mənim üçün vacib idi".
Rauf Məmmədov (Azərbaycan): "Bu gün oyun ağır alındı. Sona yaxın üstünlük var idi, amma artıq yorulmuşdum. Heç-heçə olduğunu görürdüm. Rəqib vəziyyətdən çıxış yolunu axtarırdı. Amma belə oyunlarda dönüş etmək asan olmur. Çox yorulmuşdum, ona görə düzgün gedişi görmürdüm".
Aniş Giri (Hollandiya): "Üstünlük qazandım. Rauf səhvə yol verməməyə çalışırdı. Sonradan üstünlüyüm rəqibə keçdi. Heç-heçə pis nəticə deyil. Düzünü deyim ki, qələbə qazanmaq istəyirdim. Sadəcə alınmadı. Rəqib dözümlü şahmatçıdı".
Maykl Adams (İngiltərə): "Fərqli gedişlər etmək istədim. Sadəcə alınmadı. Heç-heçə ədalətli nəticə oldu. Karuana təzyiq etmək istəsə də, partiya heç-heçəyə gedirdi".
Fabiano Karuana (İtaliya): "Müəyyən gedişlər etmək istədim. Lakin partiyada heç-heçəyə gedirdi. 10 dəqiqəyə yaxın düşündüm amma lazımi gedişi tapa bilmədim. Heç-heçəyə erkən razılaşmağımla bağlı fikirlərlə razı deyiləm. Belə partiyada Maqnus Karlsen də olsa heç nə edə bilməzdi".
Vladimir Kramnik (Rusiya): "Üstünlüyüm var idi. Amma böyük üstünlük yox idi. Ona görə heç-heçə normal nəticədir. So yaxşı şahmatçıdır. Yaxşı müdafiə olunurdu. Fikrimcə, hələ iki tur başa çatıb, ona görə yekun nəticə haqda danışmaq düzgün deyil".
Uesli So (ABŞ): "Kramnik kimi şahmatçıya qarşı oynamaq böyük şərəfdi. Hər zaman onun oyunlarını diqqətlə izləmişəm. Müəyyən mənada öyrənməyə çalışmışam. Bu gün onun təzyiqini hiss etdim. Heç-heçə olmasını özüm üçün yaxşı nəticə sayıram".
Yeri gəlmişkən, Vladimir Kramniklə Uesli So bu günlərdə Ermənistanda start götürəcək yığmaların dünya çempionatında iştirakdan imtina etmələrinin səbəbini açıqlayıb. ABŞ təmsilçisi federasiya tərəfindən ona gec dəvət gəldiyini və Şəmkirə gəlmək istəyinin böyük olduğunu deyib: "İlk olaraq qeyd edim ki, Şəmkirdəki turnirin təşkilatçılarına müsbət cavab vermişdim. Mən artıq Şəmkirə gələcəyimi deyəndən sonra federasiya məni dünya çempionatına dəvət etdi. O zaman mən millidə çıxış edə bilməyəcəyimi dedim. Şəmkirdə gözəl təşkilatçılıq və güclü şahmatçılar var. Bura gəldiyimə görə çox şadam. Dünya çempionatına getmədiyimə görə peşman deyiləm".
Sabiq dünya çempionu Vladimir Kramnik isə Rusiya yığmasının heyətində olmadığını belə izah edib: "Məndə də oxşar hadisə oldu. Fevralda artıq Şəmkirə gələcəyimə söz vermişdim. Sonradan federasiya rəhbərliyi milliyə dəvət etdi. Əvvəlcədən hər hansı bir turnir olacağı halda yığmada olmayacağımı demişdim. Fikrimcə mənsiz də Rusiya yığması güclüdür. Digər tərəfdən Şəmkirdəki turnir gözəl insan, güclü şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunub. Ötən il bu yarışda iştirak edə bilmədim. Amma bütün həmkarlarım təşkilatçılıq haqda xoş sözlər deyirdi. Vüqarla çox yaxın olmasaqda onun xatirə turnirində iştirak etməyə bilməzdim".
Fanat.az