İraqda yerli əhali döyüşlərin getdiyi bölgələri tərk edir
Bakı, 9 aprel,
AZƏRTACİraq ordusunun Kərkükün cənubunda İŞİD qruplaşmasının əlində olan Havicə və Riyad bölgələridə əməliyyatlara başlayacağı xəbərindən sonra yerli əhali bölgədən qaçmağa başlayıb.
AZƏRTAC
Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Kərkükdən 45 kilometr cənubunda yerləşən Havicə və Riyad nahiyələrində yeni qaçqın dalğası yaranıb. İnsanlar daha təhlükəsiz şimal bölgələrinə köç edirlər.
Bölgədən qaçmağı bacaranlar peşmərgələrin nəzarətindəki Məryəmbəy bölgəsində artıq neçə gündür ki, Kərkükə keçməyi gözləyirlər. Təhlükəsizlik qüvvələrinin keçid icazəsi vermədiyi qaçqınlar Kərkükün 25 kilometr cənubundakı Məryəmbəy bölgəsində müvəqqəti düşərgə salıblar. Rəşad nahiyəsi və Hemrin dağlarından qaçanlar da Kərkükə axışır.
Qeyd edək ki, Kərkükün Havicə, Riyad, Rəşad nahiyələri 2014-cü ildə İraq ordusu ilə döyüşlərdən sonra İŞİD qruplaşmasının əlinə keçmişdi.