Digər

İranla nüvə razılaşması haqqında bilmək istədikləriniz

Metbuat.az
Bu razılaşma ilə bağlı danışıqlar nə vaxt və necə başladı?
2013-cü ilin noyabr ayında çətinliklə əldə edilmiş müvəqqəti Cenevrə razılaşması və Birgə Fəaliyyət Planı olaraq da bilinən razılaşmanın əldə edildiyi danışıqlar həmin ilin fevral ayında başladı. Danışıqlardan əvvəl isə 2002-ci ildən bəri İranla razılıq əldə etmək üçün çoxlu sayda cəhdlər göstərilmiş və bu cəhdlər uğursuzluqla nəticələnmişdi. Həmin il İranın müxalif qrupları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə (AEBA) bildirilməmiş iki müəssisənin olduğunu ifşa etməklə ölkənin nüvə proqramı ilə bağlı həyəcan qaldırmışdı.
 
Bununla belə, hazırkı danışıqlara iki şey impuls verib. Bunlardan birincisi İranın gizli vasitələrindən birinin Obama administrasiyası tərəfindən ifşa edilməsi olub, bundan sonra isə Omanda bir neçə gizli ikitərəfli görüşlər keçirilib. İkincisi isə 2013-cü ilin iyun ayında 10 il əvvəl İranın nüvə məsələləri üzrə vasitəçisi vəzifəsini icra etmiş, sərt iqtisadi sanksiyaların qaldırılması və İranın beynəlxalq ictimaiyyətdən təcrid olunmasına son qoyulması məqsədilə ölkənin beynəlxalq ictimaiyyətdə konstruktiv iştirakı vədini verən Həsən Ruhaninin seçilməsi olub. Son razılaşmaya gətirib çıxaran danışıqlar 2014-cü ilin mart ayında başlayıb. Hərtərəfli razılıq əldə edilməsi üçün bir neçə dəfə tarixlər uzadılıb. Son möhlət bu il iyulun 1-i üçün müəyyənləşdirilsə də, Ağ Evin Konqres Pasxa bayramı ilə əlaqədar fasilədən qayıtmazdan əvvəl bu hərtərəfli sazişin hazır olmasına ehtiyacı var idi, çünki İranla istənilən razılaşmanı tənqid edən respublikaçıların yeni sanksiyalar tətbiq edib danışıqları məhv etmək cəhdlərinin qarşısını almaq lazım gəlirdi.
 
P5+1 kimlərdir? Niyə görə birdəfəlik P6 adlandırılmırlar?
 
P5+1 dedikdə Amerika, Fransa, Britaniya, Çin, Rusiya və Almaniya nəzərdə tutulur. İlk beş ölkə BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Almaniya isə Fransa və Britaniya daxil olmaqla, İranla əvvəlki danışıqlarda iştirak etmiş 3 Aİ ölkəsindən biri olduğuna görə, bura daxil edilir. Danışıqlarda Avropa İttifaqı da xarici işlər üzrə tam səlahiyyətli şəxslə təmsil olunur. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik İranın Nüvə Silahlarının Yayılmaması haqqında Sazişə riayət etməməsi ilə bağlı məlumatlar verdikdən sonra 2006-cı ildən bu yana BMT Təhlükəsizlik Şurası tərəfindən İran üzərinə sanksiyalar tətbiq edilməsi haqqında bir sıra qətnamələr qəbul edilib. İlk dəfə sanksiyalar İran uran zənginləşdirilməsi ilə əlaqədar və yenidən emal fəaliyətini dayandırması ilə bağlı Təhlükəsizlik Şurasının tələbini rədd etdikdən sonra tətbiq olunmuşdu.
 
Bu ölkələr razılaşma ilə nə qazanacaqlarını ümid edirdilər?
 
Qısa desək, P5+1 İranın nüvə silahı əldə etməsinin və ya ən azından tez və ya gizli bir şəkildə nüvə silahı ələ keçirməsinin qarşısını almaq istəyir. Müzakirəçilər bu məqsədlə böyük bir infrastrukturun tamamilə dağıdılmasının qeyri-real olduğu qənaətinə gələrək İrana uran zənginləşdirməsinə davam etməyə icazə verməklə güzəştə getdilər. Bununla belə, onlar İranın nüvə zənginləşdirilməsi proqramına ciddi məhdudiyyətlər qoyurdular. Onların məqsədi İranın bir nüvə silahı üçün lazım olan zənginləşdirilmiş uran hazırlanması üçün gedən vaxtı uzatmaq idi. Bu da bir nüvə silah üçün kifayət edəcək qədər parçalanan materialın istehsalı üçün əvvəllər bir neçə ay olan vaxt ən azı bir ilə qədər uzadır.
 
İran nə əldə edəcəyini ümid edirdi?
 
İranın zəruri ehtiyacı getdikcə ciddiləşən və resurslardan asılı olan iqtisadiyyata sarsıdıcı təsir göstərən sanksiyalardan qurtulmaqdır. Xüsusilə neft və qaz ixracına, enerji ehtiyatlarından istifadə etmək üçün texnologiya idxal etmək imkanına qoyulan məhdudiyyətlər və dünya bankları arasında pul köçürülməsi üçün məlumatların ötürülməsinə baxan SWIFT (Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti) qurumundan təcrid olunması ölkəyə böyük zərər verib. İran razılaşmanın imzalandığı andan etibarən bütün sanksiyaların qaldırılmasını istəsə də, yalnız nüvə proqramı ilə bağlı məhdudiyyətlər razılaşdırıldıqdan sonra sanksiyalar tədricən yaxşı niyyət göstəricisi olaraq ləğv ediləcək. İran fəaliyyətinin insan hüquqları ilə bağlı məsələlər, terrorizmin dəstəklənməsi və ballistik raket proqramı kimi digər tərəfləri ilə bağlı sanksiyalarla əlaqədar isə dəyişiklik olmayacaq. Bundan başqa, cənab Obama yalnız Konqresin tətbiq etdiyi sanksiyaları dayandıra bilər.
 
Bu razılaşmaya əslində nələr daxildir?
 
Ötən həftə elan olunan razılaşma bir çoxlarının gözlədiyindən daha müfəssəl olsa da, iyulun 1-dən əvvəl rəsmi razılaşma imzalanana qədər hələ heç nə yerinə oturmayacaq. Bununla belə, bu niyyət bəyanatında əsasən İran sentrifuqalarının sayını 19 mindən 6 minə qədər azaldacaq, bunlardan yalnız 5 mini istifadə ediləcək. Bu sentrifuqaların hamısı birinci nəsil olacaq, belə ki, daha müasir modellərin heç birindən ən azı 10 il müddətinə istifadə olunmayacaq. Uran zənginləşdirilməsi üçün əsas obyekti Nətənzdə yerləşən İranın hava hücumlarına davamlı olduğu düşünülən ikinci əsas yeraltı nüvə obyekti Fordo uran zənginləşdirilməsi üzrə bütün fəaliyyətini dayandıracaq və fizika üzrə araşdırma mərkəzinə çevriləcək. Ən az 15 il burda parçalanan material nə istehsal ediləcək, nə də saxlanılacaq. İran növbəti 15 il müddətinə aşağı səviyyədə zənginləşdirilmiş uran ehtiyatını 10 min kq-dan 300 kq-a qədər azaldacağını bildirib. Ərakda yerləşən təzyiqli (ağır) su reaktorunun konstruksiyası dəyişdiriləcək və artıq əvvəlki kimi çoxlu miqdarda silah dərəcəli plutonium istehsal edə bilməyəcək. 15 il müddətinə başqa bir təzyiqli su reaktoru tikilməyəcək.
 
Bütün bu öhdəliklər İranın onlara əməl etməsindən asılıdır. İranın nüvə proqramı ilə bağlı söylədiyi yalanları nəzərə alsaq, unikal müdaxiləçi təftiş və yoxlama olmadığı halda bu öhdəliklərin nə dərəcədə uğurlu olacağına şübhə ilə yanaşanlar haqlı çıxacaqlar. Çərçivə razılaşmasının şərtlərinə əsasən, AEBA-nın inspektorları şübhəli hesab etdikləri istənilən obyekti yoxlaya biləcəklər. Razılaşmada bu da qeyd edilir ki, İran nüvə proqramının mümkün hərbi ölçüləri ilə bağlı AEBA-nın narahatlığını aradan qaldırmalı olacaq.
 
İyulun 1-ə qədər nələr olmalıdır?
 
Əsas etibarilə, hələ texniki məlumatların çoxunun yeri boş qalıb. Müqaviləyə əməl edilməməsi halında tətbiq olunacaq cəza tədbirləri (ABŞ və Aİ sanksiyalarının qaytarılması və BMT tərəfindən yeni qətnamələr) qədər təftiş və yoxlama rejiminin konkret xüsusiyyəti də xüsusi əhəmiyyət daşıyır. Çünki çərçivə sazişi o qədər xüsusi idi ki, bəzi ağır sanksiyalar qaldırıldı. Ancaq burda əsas şüar odur ki, hər şey razılaşdırılmayınca, heç nə razılaşdırılmayıb.
 
Bu razılaşmanın uğursuz olmasını kimlər istəyir və onların bu istəklərinin gerçəkləşməsi ehtimalı nə qədərdir?
 
Bu razılaşmanın bir çox güclü tənqidçiləri var. İsrailin təhlükəsizlik qurumlarının razılaşmaya ümidləri olsa da, baş nazir Binyamin Netanyahu bunun uğursuz olacağını və dəhşətli nəticələr verəcəyini bildirib; Konqresdə isə republikaçılar və hətta bəzi demokratlar isə Yaxın Şərqdə qarışıqlıq yaradan və Livanda Hizbullah kimi terrorist qruplaşmaları dəstəkləyən İranla hər hansı razılaşma olması ideyasının tərəfdarı deyillər. Bu razılaşmaya qarşı çıxanlar arasında Tehranda müəmmalı da olsa, səhhəti pisləşən Əli Xameneyiyə qalib gəlmək istəyənlər də var. Mümkün hərbi ölçülərlə bağlı məsələləri həll etməsi lazım gəldikdə AEBA-nın daxil olacağı hərbi zonaları idarə edən İran İnqilab Qvardiyasının üzvləri razılaşmanı pozmaq üçün yollar axtara bilərlər. İran İnqilab Qvardiyası sanksiyaların bir çox liderləri üçün maddi gəlir gətirdiyinə görə saxlanılmasını belə istəyə bilərlər.
 
Bununla belə, razılaşmanın pozulmasını istəyənlər üçün problem odur ki, onlar hələ bəyənilən alternativlər irəli sürə bilməyiblər. İranın sıravi əhalisi normal iqtisadiyyata qayıtmaq istəyir, amerikalı seçicilər isə İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün onunla müharibəyə girmək istəmirlər. Aprelin 2-də razılaşma haqqında elan verilməzdən əvvəl “Washington Post-ABC News” tərəfindən aparılan birgə rəy sorğusuna əsasən, amerikalıların əksəriyyəti sanksiyaların yumşaldılması əvəzində İranın nüvə proqramını məhdudlaşdıran razılaşma imzalanmasının tərəfdarıdır.
 
Razılaşma uğurlu olarsa, Yaxın Şərq üçün hansı nəticələri olacaq?
 
Ümumiyyətlə, razılaşma ilə nəzərdə tutulanların hamısı həyata keçirilərsə, Səudiyyə Ərəbistanı, Misir, eləcə də, Türkiyənin daxil olduğu silahlanma yarışı ehtimalının aradan qalxması ilə regionda təhlükəsizlik bir qədər artacaq. İranın nüvə silahı hazırlaya biləcəyi müddətin bir neçə aydan bir ilə qədər uzanması və nüvə proqramının daha şəffaf olması ilə İsrailin də təhlükəsizliyi təmin olunacaq. Bu razılaşmanın, ən azından qısa müddət ərzində, regionun geosiyasətində İranın daha çox əməkdaşlıq göstərməsinə və nüfuzunun azalmasına nail olacağı ehtimalı çox azdır. Bu, dostluq yox, düşmənlər arasında silahlara nəzarət üzrə bir razılaşmadır. İraq və Qərb arasında maraqlar yenə də bir-birinə uyğun gəlməyəcək. Ancaq bəlkə də, İranın iqtisadiyyatı dünya ilə yenidən inteqrasiya edərsə və İranın razılaşdırılmış öhdəlikləri yerinə yetirməsi ilə bütün tərəflərdə etimad yaranarsa, ortaya sonda daha yaxşı nəticələr çıxa bilər.
 
4npress.com