İnformatika üzrə Ümumrespublika Olimpiadasında NDU-nun komandası finala vəsiqə qazanıb
Naxçıvan, 9 aprel,
AZƏRTACBakı şəhərində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” keçirilib.
Naxçıvan Dövlət Universitetinin NDU komandası da ali məktəbin Həmkarlar İttifaqı Komitəsinin sədri, riyaziyyat üzrə fəlsəfə doktoru, Elşən Məmmədovun rəhbərliyi ilə Olimpiadaya qatılıb.
NDU-nun mətbuat şöbəsindən
AZƏRTAC-a bildirilib ki, hər təhsil müəssisəsindən maksimum 5 komandanın iştirak edə biləcəyi Olimpiadada NDU-nu 1 komanda təmsil edib. İlkin mərhələdə respublikanın 17 ali təhsil müəssisəsindən 66 komandanın iştirakı ilə keçirilən Olimpiadanın birinci mərhələsində uğurla çıxış edən NDU-nun informatika komandası final mərhələsinə vəsiqə qazanıb. NDU komandası müasir informasiya-kommunikasiya texnologiyalarının mənimsənilməsi və tətbiqi, informatika sahəsində nəzəri bilik səviyyəsi ilə fərqlənərək finala çıxıb.
Qeyd edək ki, final mərhələsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.