Digər

İlham Əliyevdən düşmənə sərt mesaj: "Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun"

Metbuat.az
"Bizim əsas problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, əfsuslar ki, həll olunmamış qalır. Bu barədə dəfələrlə öz fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm, bunun yeganə səbəbi ondan ibarətdir ki, Ermənistan sülh istəmir, status-kvonu saxlamaq istəyir. Baxmayaraq, Minsk qrupuna həmsədrlik edən dövlətlərin başçıları dəfələrlə bildirmişlər ki, status-kvo qəbuledilməzdir. Ermənistan buna məhəl qoymur və bu dövlətlər bu bəyanatlardan başqa heç bir konkret addımlar da atmırlar. Ona görə bu bəyanatlar havada qalır və beləliklə, münaqişə uzanır, öz həllini tapmır. Keçən ilin ortalarından həmsədr ölkələrin başçıları tərəfindən fəallıq göstərilirdi".
 
Milli.Az bildirir ki, bunu Prezident İlham Əliyev dünən Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda deyib.
 
Avqust, sentyabr, oktyabr aylarında Rusiya, Amerika və Fransa rəhbərləri zirvə görüşləri keçirmişlər ki, biz vəziyyətdən çıxış yollarını tezliklə tapaq və münaqişəyə son qoyaq. Azərbaycan, əlbəttə ki, bu fəallığı dəstəkləyir.
 
Dövlət başçısı söyləyib: "Çünki həmişə qeyd etdiyim kimi, münaqişənin həll edilməsində ən maraqlı tərəf məhz Azərbaycandır. Ancaq Ermənistan bu görüşlərdə qeyri-səmimi mövqe nümayiş etdirir, hər vəchlə çalışırdı ki, danışıqların mahiyyəti kənarda qalsın və hansısa etimad tədbirləri haqqında daha da çox söhbət aparılsın. Biz buna etiraz etmirdik. Etimad tədbirləri də önəmlidir, ancaq işin mahiyyəti işğala son qoyulmasıdır. Buna baxmayaraq, Paris görüşündən sonra biz şifahi olaraq razılaşdıq ki, hər iki tərəf təmas xəttində gərginliyi azaltmağa çalışacaq və bəlkə, bu, danışıqlar prosesinə müsbət təsir göstərə bilər. Ancaq Ermənistanın riyakar siyasəti bir daha özünü büruzə verdi. İki həftə keçməmiş Ağdam rayonunda genişmiqyaslı hərbi təlimlərə başladılar. O təlimlərin bir məqsədi var idi - Azərbaycanı təxribata çəkmək və danışıqlar prosesini pozmaq. Biz bu təxribatlara bir neçə gün dözərək ondan sonra düşmənə layiqli cavab verdik və beləliklə, onlara öz yerini göstərdik. Onlar isə bundan istifadə edərək Azərbaycanı aqressiv davranışda ittiham etməyə başladılar".
 
İlham Əliyevin sözlərinə görə, əlbəttə ki, heç kim buna, bu tezisə ciddi yanaşmırdı. Azərbaycan həmişə çox təmkinli mövqe nümayiş etdirir. Danışıqlarda 20 ildən çox iştirakımız onu göstərir ki, biz məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Məsələnin həll olunmamasını Ermənistan istəyir. Çünki torpaqlarımızdan çıxmaq istəmir. Keçən ilin sonlarından Ermənistan tərəfi daim bizim mövqelərimizə hücumlar çəkir, bu, bu il də davam edir. Bu hücumlar nəticəsində onlarla erməni öz həyatını itirmişdir. Bizdə olan məlumata görə son 3-4 ay ərzində 50-dən çox işğalçı təmas xəttində məhv edilmişdir.
 
"Bunun günahkarı kriminal Ermənistan rejimidir, onun başçılarıdır, Ermənistanda hökm sürən diktatura rejimidir. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. Əgər ölmək istəmirsinizsə, Azərbaycan torpaqlarından rədd olun. Azərbaycan öz prinsipial mövqeyindən əl çəkməyəcək. Biz bu mövqeyi müdafiə edəcəyik. Ermənistan isə bu işğalın yüksək qiymətini ödəyir - həm iqtisadi tənəzzül, həm müstəqillik qalıqlarının tamamilə itirilməsi, təmas xəttindəki itkilər, Ermənistan ordusunda artan fərarilik halları. İndi Azərbaycan tərəfinə keçən erməni əsgərləri qeyd edirlər ki, Azərbaycan tərəfinə keçmək istəyənlərin sayı kifayət qədər çoxdur.

Sadəcə olaraq qorxurlar, çünki orada əmr verilib ki, əgər kimsə Azərbaycan tərəfinə keçmək istəyərsə, onlar onu arxadan güllələməlidirlər, öldürməlidirlər. Yəni, budur reallıq. Bu, işğalçı dövlətin ödədiyi qiymətdir və nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi həll olunmayıb onlar bu qiyməti ödəyəcəklər. Biz Ermənistana qarşı daha da fəal mübarizə aparmalıyıq, aparırıq, bütün beynəlxalq, regional layihələrdən onları təcrid etmişik. Onların rəsmi statistik məlumatlarına görə əhalinin 30 faizi yoxsulluq, səfalət içində yaşayır. Amma real məlumat 50-60 faizdir. Onların rəsmi məlumatlarına görə hər il ölkədən 60-70 min insan həmişəlik köçür. Amma bizdə olan məlumat onu göstərir ki, bu rəqəm 100 minə yaxındır. Yəni, bir neçə ildən sonra artıq Ermənistan dövlətində, tarixi Azərbaycan torpaqlarında yaradılan bu dövlətdə erməni əhalisi qalmayacaq", - İlham Əliyev deyib.

Milli.Az