Gürcüstanlı tarixçi Мamuka Qoqitidze: “Bu tək Azərbaycan xalqının yox, bütün bəşəriyyətin faciəsidir”
Quba, 10 aprel, Elxan Yusifli,
AZƏRTAC“Azərbaycan və Şərqi Anadoluda türk-müsəlman əhaliyə qarşı soyqırımları (1914-1920-ci illər)” mövzusunda II Beynəlxalq elmi konfransda iştirak etməkdən məmnunam. Burda iştirak edən tarixçilərin hamısı ötən əsrin əvvəllərində Azərbaycan xalqına qarşı təkzibolunmaz soyqırımı faktlarının törədildiyini təsdiqləyir. Biz tarixçilər bura toplanmışıq ki, belə tarixi hadisələr haqqında həqiqətləri araşdıraq. Qoy bizdən sonra gələn nəsil yalanları deyil, faktiki baş verənləri bilsin. Biz çalışmalıyıq ki, törədilən soyqırımlar barədə dünya ictimaiyyəti xəbər tutsun. Çünki beynəlxalq aləmdə o dövrdə Azərbaycanda və ümumiyyətlə Qafqazda nələrin baş verdiyi barədə düzgün informasiyaya malik deyillər.
Bu fikirləri
AZƏRTAC-a müsahibəsində beynəlxalq konfransa Gürcüstandan qatılan nümayəndə heyətinin üzvü, tarixçi Мamuka Qoqitidze söyləyib. Tarixçi fikirlərini davam etdirərək bildirib ki, azərbaycanlılara qarşı soyqırımı XX əsrdə də baş verib. “Xocalıda törədilənlər soyqırımıdır. Sözlə ifadə olunması mümkün olmayan soyqırımı. Bunu biz hamımız bilirik. Xocalını unutmaq olmaz. Ötən gün Qubadakı soyqırımı məzarlığında oldum. Mənə çox pis təsir etdi. Bu dəhşətli faciədir, hansı ki, törədilməsində əsas rolları inqilabçılar, Şaumuyanın bolşevikləri, Amazasp oynayıb. Həmin hadisələr zamanı körpələr, qocalar amansızcasına öldürülüb. Bu tək Azərbaycan xalqının yox, bütün bəşəriyyətin faciəsidir”.