Ölkə

Göyçaylı gənclər hərbi xidmətə yollanıblar

Metbuat.az

Göyçay, 3 aprel,

AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq aprelin 1-dən ölkəmizin hər yerində olduğu kimi, Göyçay rayonunda da gənclərin növbəti həqiqi hərbi xidmətə çağırış dövrü başlanıb.


AZƏRTAC

xəbər verir ki, Göyçay rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibətilə mərasim keçirilib. Bildirilib ki, gənclər bu gün ana Vətənin çağırışına, ulu öndər Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanın şərəfini qorumağa həvəslə yollanırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon bölməsinə toplaşan çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə göndərilirlər.


Gənclərin hərbi xidmətə yolasalınması mərasimində çıxış edən Böyük Vətən müharibəsi veteranları, ağsaqqallar, valideynlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışıb, gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə ediblər. Qeyd olunub ki, bu gün Azərbaycan Silahlı Qüvvələri vahid mərkəzdən idarə olunan güclü maddi-texniki bazaya malikdir və ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadir qüvvəyə çevrilib. Son illər rayonun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini göstərir.


Sonra çağırışçı gənclər musiqi sədaları altında ordu sıralarına yola düşüblər.