Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsi saf və təmiz hisslər, nəcib duyğularla zəngindir
Bakı, 15 aprel,
AZƏRTACGörkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın əziz xatirəsi saf və təmiz hisslər, nəcib duyğularla zəngindir. Taleyini tibb elminə bağlayan akademik Zərifə xanım Əliyeva oftalmologiyanın aktual problemlərinə dair tədqiqatlar aparıb.
Bu fikri Yeni Azərbaycan Partıyası Qadınlar Şurası idarə heyətinin üzvü Zərifə Quliyeva
AZƏRTAC-a müsahibəsində bildirib.
Qeyd olunub ki, Z.Əliyeva fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf edib, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində xidmətlər göstərib. Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Görkəmli alimin elmi fəaliyyətinin istiqamətlərindən birini gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqi məsələsi təşkil edib. Zərifə xanımın elmi fəaliyyətinin digər sahələrindən biri klinik diaqnostik istiqamətdə apardığı tədqiqatlardır. Bunlarla yanaşı, Zərifə xanım Əliyeva nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə ciddi məşğul olub.
Z.Quliyeva bildirib ki, Zərifə xanım Əliyeva yaddaşımda gözəl, ağıllı, müdrik və olduqca sadə bir insan kimi qalıb. Zərifə xanım yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi. Yüksək intellektə, geniş erudisiyaya, zəngin mədəniyyətə, dərin biliyə malik həkim, pedaqoq, alim, gözəl insan akademik Zərifə xanım Əliyevanın əsərləri bu gün də çox aktualdır.