Görkəmli musiqiçinin xatirə gecəsi
Bakı, 8 aprel,
AZƏRTACMərhum dirijor, əməkdar incəsənət xadimi, professor Azad Əliyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC
xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivləri və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə musiqişünas Ceyran Mahmudova görkəmli sənətkarın yaradıcılığından danışıb.
Çıxış edənlər Azad Əliyevin mənəvi irsimizə diqqət və qayğısından, unudulmuş əsərlərə yeni həyat verməsindən söhbət açıblar.
Xatirə gecəsində A.Əliyevin vaxtı ilə dirijorluq etdiyi əsərlərdən ibarət CD diskin təqdimatı maraqla qarşılanıb.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri, Səsyazma Evinin direktoru Ramil Qasımov görkəmli dirijorun xatirəsinə hər kəsin böyük ehtiram bəslədiyini söyləyib və vaxtilə mərhumun sevdiyi, musiqisi Cahangir Cahangirova, sözləri İslam Səfərliyə məxsus “Alagöz” mahnısını ifa edib.
Sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Niyazi” adına simfonik orkestrinin müşayiəti ilə konsert proqramı təqdim olunub. Konsertdə Cavad Tağızadənin dirijorluğu ilə Qərbi Avropa və Azərbaycan klassik musiqiləri səsləndirilib.