Gəncənin Hacıkənd qəsəbəsi simasını gündən-günə dəyişir
Gəncə, 1 aprel,
AZƏRTACGəncənin Hacıkənd qəsəbəsində geniş abadlıq-quruculuq işlərinə başlanılıb. Qəsəbədəki Hacı Zeynalabdin Tağıyevin adını daşıyan park yenidən qurularaq istifadəyə verilib. Parkın ərazisində yaşıllıq sahələri genişləndirilib, təbii qaya daşları ilə arakəsmələr hörülüb, işıqlandırma sistemi yenidən qurulub, 500 kvadratmetr sahəyə plitə düzülüb, əlavə oturacaqlar qoyulub. Nizami parkında isə şairin heykəli ucaldılaraq, 1250 kvadratmetr sahəyə səki daşları döşənib.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının Hacıkənd qəsəbəsi üzrə nümayəndəsi Hümbət Hüseynov
AZƏRTAC-a deyib ki, hazırda qəsəbənin digər ərazilərində də abadlıq-quruculuq işləri aparılır. Qısa vaxtda burada magistral yol kənarlarına istinad divarları çəkilib, 2 min kvadratmetr yola asfalt salınıb. Hazırda yeni dördmərtəbəli otelin tikintisi sürətlə davam etdirilir.