Digər

Firidun Pərviznia: “39 ildir sürgündəyəm” - MÜSAHİBƏ

Metbuat.az

Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri, Almaniyada yaşayan Firidun Pərviznianın Lent.az-a müsahibəsi

- Təxminən iki həftədir Bakıya gəlmisiniz. Bu qısamüdətli sayılmayan səfərin məqsədi nədir?

- Bu səfər zamanı DAK-ın təşkilati məsələlərilə bağlı işlər gördük. Bizim İsveç parlamentində görüşlərimiz nəzərdə tutulub. Orada Sabir Rüstəmxanlı və mən çıxış edəcəyik. Güney Azərbaycan və Dağlıq Qarabağ məsələsi ilə bağlı məlumatları onların diqqətinə çatdıracağıq. Həmçinin Brüsseldə “Gülüstan müqaviləsi” bağlı simpozium keçirəcəyik. Bakıda bu işlərə hazırlıq görürük. Brüsseldə keçiriləcək simpoziuma xaricdən və Azərbaycandan olan alimləri dəvət etmişik.

- Hesab edirsiniz ki, DAK-ın fəaliyyəti ancaq bu işlərdən, görüşlərdən ibarət olmalıdır?

- Biz ABŞ-da olarkən Konqresdə, BMT-də görüşlər keçirdik. Onlar üçün maraqlıdır və biz də onların suallarını cavablandırırıq. Onları daha çox 2 məsələ maraqlandırır. Birincisi, Dağlıq Qarabağ, ikincisi Güney Azərbaycan məsələsi. Həm ABŞ-da, həm də Avropada bütün qapıları açıb sözümüzü deyə bilirik. DAK-ın işlərindən biri Qarabağ məsələsi ilə bağlıdırsa, digər vəzifəsi Azərbaycanın, onun mədəniyyətini, tarixini, indiki gənc dövlətini tanıtdırmaqdır. Əlbəttə, Güney Azərbaycan məsələsi də var. Orada insan haqlarının pozulması barədə məlumat veririk. Onlara da maraqlı gəlir ki, 35 milyonluq bir millətin necə məktəbi olmaya bilər, övladlarına türk adı qoya bilməzlər? Özünüz də gördünüz ki, Obama da öz çıxışında Güney Azərbaycanla bağlı danışdı. Bu onu göstərir ki, verdiyimiz məlumatların düzgün olub-olmadığını yoxlayır, sonra həmin məlumatdan istifadə edirlər. Yəni gördüyümüz işin təsiri olur.

- İranla bağlı xüsusi planlarının olduğu deyilən ABŞ Güney Azərbaycanın istiqlalında nə dərəcədə maraqlı ola bilər?

- Cənubi Azərbaycanda bir hərəkat var. Təbii ki, Amerika üçün öz iqtisadi-siyasi maraqları birinci yerdədir. Biz bunu bilirik və bilə-bilə onlarla danışıqlara gedirik. Axı Güneydəki hərəkat da çox mədənidir. Cavanlar, qocalar küçələrdə, universitetlərdə çıxıb öz sözlərini deyirlər. O biri dövlətlər nə iş görür-görsün, bizim üçün millətimizin mənafeyi ülvidir. Həmişə bununla hərəkət edirik.

- Necə hesab edirsiniz, Güney Azərbaycan müstəqil dövlət olarsa, Azərbaycan Respublikası ilə birləşməlidirmi? Yoxsa iki Azərbaycan dövləti olmalıdır?

- Təbii ki, heç bir millət sonda ayrı yaşamayacaq. Ancaq biz görürük ki, Azərbaycanda bu məsələ yoxdur. Əgər Güney Azərbaycan müstəqil olarsa, Azərbaycan Respublikası ilə onların parlamenti müzakirələr aparmalı, bu məsələni yoluna qoymalıdırlar, yəni birləşməlidir. Əsas odur istiqlaliyyət olsun. İstiqlaliyyət olandan sonra isə bir millətin iki dövləti razılıq əsasında birləşməlidirlər. Düşünürəm ki, hətta Azərbaycan Respublikasının indidən bununla bağlı planları olmalıdır.

- Dünyanın müxtəlif ölkələrindəki Azərbaycan diasporalarının fəaliyyətini necə qiymətləndirirsiniz?

- Azərbaycan dövləti çox cavandı. Bunun diasporası əvvəllər xaricdə Güney azərbaycanlılar idi. Azərbaycan Respublikası müstəqillik qazanandan sonra azərbaycanlı iş adamları, tələbələr, məmurlar bu istiqamətdə fəaliyyətə başladılar. Xaricdəki Azərbaycan diasporası hələ ki, çox cavandır. Bundan başqa, nəzərə alaq ki, bütün ictimai-siyasi təşkilatlarda şəxsi maraqlar olur. Bu şəxsi maraqlar bəzən çox böyük təsir göstərir. Bəzi məsələlər isə siyasi yetişməmələrdən irəli gəlir. Bəziləri əvvəlcə millətinin, sonra özünün mənafeyini düşünmür. Amma xarici dövlətlərin də Azərbaycan diasporalarının birləşməməsində, güclənməməsində marağı və əli var. Bəzən baxırsan və düşünürsən ki, filan təşkilat axı niyə birləşmə istəmir? Axı onun birləşməmək, bir yerdə fəaliyyət göstərməmək, yaxud etimadsızlıq göstərmək üçün səbəbi yoxdur. Yaxşı baxanda görürsən ki, burada xaricilərin əli var. Düşünürəm ki, diaspora ilə bağlı şəxsi maraqlar da var, ancaq bölünmələr daha çox xarici qüvvələrin təsiri altında olur.

- Şəxsən Sizin özünüzə qarşı xarici qüvvələr tərəfindən “bizə işlə” təklifi olubmu?

- (gülür) Vallah məni çox yaxşı tanıyırlar, yəqin elə buna görə də təklif olmayıb. Ümumiyyətlə isə biz təsirlərin həmişə hansı tərəfdən gəldiyini bilirik. Hətta Rusiyanın da DAK-a təsir etmək istədiyini bilirik.

- Mahmudəli Çöhrəqanlı çoxdandır göz önündə deyil. Onunla əlaqəniz yoxdur?

- Onu sonuncu dəfə iki ay yarım əvvəl – mən ABŞ-da olarkən gördüm. Fikrimcə, o da bir siyasi insandır. Mən heç vaxt istəmərəm ki, qapılar kiminsə üzünə bağlansın. Bizim rəqabətlərimiz Güney Azərbaycanın azadlığından sonra ola bilər. Ona görə də Çöhrəqanlının bizə, bizim də ona sayğımız var. Nəzərimiz fərqli də olsa, gərək millətin xatirinə anlaşaq.
Çöhrəqanlının niyə ortada olmamağına gəlincə, nəzərə alaq ki, o sürgündədir. Mən özüm 39 ildir sürgündəyəm. Ancaq onun sürgün müddəti daha azdır, yəni getdiyin yerdə gərək oranın mədəniyyətini götürməklə yanaşı gərək əlaqələr də qurasan. Hətta mənim 39 illik təcrübəm olsa da, bəzi şeylərdə çətinlik çəkirəm. İndi Avropa və Amerikada işlərimizi daha rahat görə bilirik nəinki Azərbaycanda. Məsələn, Avropada elə şeylər var bir telefon zəngi ilə edirik, amma burada gərək görüşə gedəsən. Çünki biz orada – Avropada yetişmişik, bütün siyasi kanalları da tanıyırıq.
Çöhrəqanlının üzdə olmamasının səbəblərindən biri bəlkə də onun çətinlikdə olması ilə əlaqədardır.

- Bayaq diasporalara xarici qüvvələrin təsirindən danışdınız. O biri DAK-a necə, xarici qüvələrin təsiri varmı?

- Yox. Əgər belə olsaydı, onlara münasibətimiz də dəyişərdi. Fikrimcə, onların da fəaliyyəti var. Sadəcə, təşkilatçılığı düşünmək lazımdır. Arzu edərdim ki, DAK-ın da içərisində demokratik partiyalarda olduğu kimi fraksiyalar olsun. Ancaq daha təşkilatın adına iddia etmək olmaz. Onların da fəaliyyəti Dağlıq Qarabağ və Güney Azərbaycanla bağlıdır. Sadəcə, onlar özlərinə başqa ad qoymalıydılar. İstənilən halda, şəxsən mənim onlarla problemim yoxdur və dialoqa hazıram.

Pərvin ABBASOV