“Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sorğusunun nəticələri məlum olub
[ 01 Aprel 2015 10:26 ]
Bakı. Vüsal Nəbiyev - APA-Economics. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytında (www.mlspp.gov.az) “Əmək hüquqlarınız pozularkən hara müraciət etməli olduğunuzu bilirsinizmi?” sualı ilə interaktiv sorğu keçirib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, sorğuda iştirak edənlərin 84%-i (1 330 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını bildiklərini qeyd ediblər.
Məlum olur ki, son dövrlər ölkədə əmək qanunvericiliyinə əməl olunması, işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, vətəndaş müraciətlərinin araşdırılaraq obyektiv cavablandırılması istiqamətində həyata keçirilən tədbirlər əhalinin məlumatlılıq səviyyəsinin artmasına gətirib çıxarıb. Xüsusən də ötən ilin iyul ayının 1-dən etibarən əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin tətbiqi ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mövcud əmək münasibətlərinə birbaşa və çevik, obyektiv nəzarət imkanlarına malik olmasını təmin etməklə, əhalinin bu quruma inam və etimadının xeyli artmasına səbəb olub.
Sorğuda iştirak edənlərin 16%-i isə (258 nəfər) əmək hüquqları pozularkən hara müraciət etməli olduqlarını hələ də bilmədiklərini vurğulayıblar. Bu, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının fəaliyyəti barədə təbliğat-maarifləndirmə işlərinin bundan sonra da davam etdirilməsinin vacibliyini önə çəkir.