Digər

Əliyev - Ərdoğan tandemi (VİDEO)

Metbuat.az

Bakı-Ankara münasibətlərini Movkva-İrəvan münasibətlərinə bənzədən bəzi avamların məntiqinə düzəliş olaraq deyirik ki, bərabər hüquqlu dövlətlərin müttəfiq münasibətlərini vassal-feodal münasibətləri ilə qarışdırmasınlar. Ermənistan Rusiyanın qeyri-rəsmi bir parçası, onun forpostudur, forpost onu saxlayan, onu himayə edən ağa ilə eyni statusa malik ola bilməz. Uzağa niyə gedirik: elə bu yaxınlarda şahidi olduq ki, Sarkisyanın müstəqillik sərhədi uzaqbaşı öz xarici işlər nazirini Rusiya xarici işlər nazirinin qəbuluna göndərməyə, maksimum da özünün Rusiyanın dövlət kanalına "intervü" verməyə qədər gedib çıxa bilər. O da ki, həddində.



Məsələn, elə həmin müsahibədə Sarkisyan əvvəlcə qürrələnir ki, 1300 müəssisəmiz Rusiya kapitalı ilə işləyir. Amma müxbirin “Bəs Avropa İttifaqı ilə daha çoxdu?” sualının cavabında isə əməlli-başlı karıxır. “Əlbəttə daha çoxdur!” Bu cavab sizcə Putinin xoşuna gələr?! Məncə yox. Adama deməzlər ki, balam, səni yedirən, içirdən, bizim anladığımız dillə desək, səni saxlayan mən qalmışam burda, sənin gözün yenə orda- burdadır, indi də kraxmallanıb-sabunlanıb Avropa İttifaqı ilə mazaqlaşırsan… Mənə elə gəlir ki, Sarkisyanın bu gözlənilməz, dırnaqarası ifrat azadlığı onu zibilə salıb.



Belə olmasaydı, hələ bir ay əvvəl Putinin İrəvana, soyquramasının 100 illiyinin anılmasına mütləq gedəcəyi barədə yayılan məlumatı Kreml indi yenidən dəqiqləşdirməyə başlamazdı. Axı Kremlin rəsmi saytı çoxdan elan etmişdi ki, Putin İrəvana genosid mərasiminə gələcək. Amma nə oldusa, Putin administrasiyası üçün nadir hadisə baş verdi. Qəflətən bildirdi ki, Putinin İrəvana gedəcəyi hələ ki, dəqiqləşdirilir… Tarix məlum olanda məlumat veriləcək. Vot tak vot. Ruscadı vəziyyət. İndi kim məni inandıra bilər ki, yaranmış yeni vəziyyət məhz həmin o müsahibədəki qiyamçı tramvaylığın, yəni öz başını buxovdan azad hiss etməyin zibili deyil və kim and içə bilər ki, Sarkisyan öz qaravəllisi ilə ağasının qəzəbinə gəlməyib. Rusiya və Ermənistandan fərqli olaraq Bakı və Ankara bir-birinin maraqlarını eyni hüquqlarla qoruyur. O Sarkisyandan elə bir cümlə deyib, nigaran-nigaran oturub gözləyir ki, vay dədəm vay! Nə qələt idi elədim, bu nə çox idi yedim, indi nə olacaq?



Əliyev - Ərdoğan tandemi nümayiş etdirir ki, bir vahid siyasətin iki üzüdür. Məsələn, hamı bilir ki, Yəmən məsələsində Ərəbistan və İran İslam Respublikasının öz maraqları var. Ərdoğan, eyni zamanda həm Tehranda, həm də Səudiyyə Ərəbistanında ola bilməzdi. Eləcə də İlham Əliyev. Ona görə də biri İrana, o biri Ərəbistana gedir. Biz heç də o fikirdə deyilik ki, başçılarımız bu görüşlərdə Yəmən böhranını birbaşa müzakirə ediblər. Amma hər iki lider müsəlmaların qorunmasını prioritet olaraq qeyd edib. Ayrı-ayrı yerlərdə olsalar da, hər ikisi eyni mətləbdən bəhs edirlər.



Bu Azərbaycan prezidentinin Ər-Riyadda nümayiş etdirdiyi mövqeyidir:



“Bizim iştirak etdiyimiz bütün beynəlxalq forum və təşkilatlarda müsəlman qardaşlarımızı dəstəkləməkdə davam edəcəyik. Öz məqsədlərimizə nail olacağıq. Müsəlman aləmində hamımız üçün çox zəruri olan, daha güclü tərəfdaşlıq və birlik quracağıq. Hesab edirəm ki, hazırda aparıcı beynəlxalq təşkilatlardan birinə çevrilmiş İslam Əməkdaşlıq Təşkilatı ilə öz məqsədlərimizə nail olacağıq”.



Bu çıxış isə Türkiyə prezidentinin Tehran səfərinə məxsusdur:



“Ölən kim? Müsəlman. İnsan. Burada kim-kimi öldürür? Buna nəzər yetirdiyimiz zaman görərik ki, ölən də, öldürən də müsəlmandır. Burada mən məzhəb ayrımına baxmıram. Məni nə şiə, nə də sünni maraqlandırır. Məni ancaq müsəlman, insan maraqlandırır. Və proseslərə bir insan gözü ilə baxmaqdayam”.



Hər iki çıxış bütün dünyada axıdılan müsəlman qanına reaksiyadır. Açıq münasibətdir. Daha dəqiq desək, Sanki Türkiyə və Azərbaycan regionda müsəlman dövlətlərini əlaqələndiricisi tək müştərək rol oynuyurlar. Baxmayaraq ki, iddia özü-özlüyünldə çox ciddidir. Və nəhayət Azərbaycan və Türkiyə TANAP - əsrində sanki öz müttfiqlərinin harda olduğunu, nə qədər ayıq olduğunu da yoxlayır. Buna belə də demək olar ki, müttəfiqlər həlledici bir hadisə ərəfəsində saatlarını tutuşdururlar. Əlbəttə, bu gün TANAP layihəsi böyük bir canlanma yaradır. Məhz TANAP-dan sonra Pakistanın prezidenti Bakıya gəldi. Sonra Səudiyyə Ərəbistanına bizim səfər, sonra Tehrana yenə də bizim səfər. İlham Əliyevin TANAP sonrası səfər və qəbullarında inkişaf etdidiyi xətt ardıcıl və məqsədyönlüdür.



Azərbaycanın regionda humanizm, tərəqqi və mədəniyyət mərkəzi olmaq üçün atdığı addımlar ardıcıldır. Dünən Avroviziya, bu gün Avropanın ilk oyunları, Sabah İslam oyunları… hamısının da ünvanı Azərbaycan. Türkiyə isə artıq Azərbaycanın yanında deyil, onun lap içindədir. Amma dövlət müstəqilliymizin icazə verdiyi həddə qədər.



Məsələn, Qarabağ məsələsində. Burda ayrıca götürülmüş Azərbaycan, ya da ayrıca götürülmüş Türkiyə yoxdur. Haqlının güclü yox, güclünün haqlı olduğu bu zamanda həm də güc olmaq böyük bəlkə də əsas şərtdir. Söhbət Azərbaycan və Türkiyənin bir, ya iki dövləti yox, bütünlüklə regionu müştərək əlaqələndirməsindən gedir.



Mənbə
Hesabat: Mir Şahin