Ekspert: "Bu il Azərbaycanda inflyasiya bir rəqəmli səviyyədə qalacaq"
Bakı. 11 aprel. REPORT.AZ/ "Neftin qiymətinin ucuzlaşması və dünyada baş verən bir çox digər iqtisadi proseslər diktə edirdi ki, dünya bazarında valyuta gətirəcək mənbələr hansı qiymət tələb edirsə, manat da ona uyğunlaşdırılacaq". Bunu "Report"a iqtisadçı ekspert Aydın Hüseynov deyib.
A. Hüseynovun sözlərinə görə, manatın məzənnəsinin daha da ucuzlaşması ilə bağlı yayılan fikirlər əsassızdır:
"2014-cü ilin sosial iqtisadi nəticələri ilə bağlı, cənab prezident Nazirlər Kabinetinin yığıncağını keçirərkən manatın məzənnəsi ilə bağlı fikirlərini demişdi ki, "biz manatı digər valyutalardan asılı vəziyyətə gətirməməliyik. Manat özü sərbəst öz məzənnəsini müəyənləşdirməlidir". Bundan sonra manatın bu qədər düşəcəyi kimi fikirlərin əsası yoxdur. Artıq manatın qiymətinin düşməsi proses qəti gözlənilmir".
O həmçinin qeyd edib ki, manatın devalvasiyası prosesində-əslində öz dəyərinə uyğunlaşması prosesində bundan istifadəyə müəyyən cəhdlər edən işbazlar otaya çıxıb: "Amma cənab prezidentin müdaxiləsindən sonra bu məsələ kəskin şəkildə nəzarətə götürüldü və süni qiymət artımına yol verilmədi.
Aydın Hüseynov ölkədə inflyasiyanın birrəqəmli həddə olacağını qeyd edib: "Bu il inflyasiya heç vaxt iki rəqəmli olmayacaq, bir rəqəmli səviyyədə qalacaq. Odur ki, bir rəqəmli inflyasiyanın özü labüddür və iqtisadiyyatın qanunudur".
Xatırladaq ki, Azərbaycan Prezidenti
İlham Əliyevaprelin 10-da Nazirlər Kabinetinin iclasında Azərbaycanda manatın məzənnəsinə bu ilin fevralında dəyişikliklər edilməsinə baxmayaraq inflyasiyanın çox aşağı səviyyədə olduğunu vurğulamışdı.