Ölkə

Əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir

Metbuat.az

Bakı, 20 aprel,

AZƏRTAC

Azərbaycan Respublikasında əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən birini təşkil edir. Əsas ərzaq məhsullarının ölkə ərazisində tələb olunan səviyyədə və çeşiddə olmasının, onun istehlak bazarına fasiləsiz daxil edilməsinin təmin olunması üçün səmərəli istehsal, saxlanılma, emal və satış infrastrukturunun yaradılması kimi ərzaq təminatı sisteminin vacib elementləri dövlət tərəfindən nəzarətdə saxlanılır və hərtərəfli dəstəklənir. Məlum olduğu kimi, respublikada yerli kənd təsərrüfatı məhsulları istehsalının artırılması, ərzaq məhsulları ilə davamlı və dayanıqlı təminat sisteminin yaradılmasına nail olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının əsas məqsədi ölkənin hər bir vətəndaşının sağlam və məhsuldar həyat tərzi üçün onun qəbul edilmiş normalara uyğun ərzaq məhsulları ilə tam təmin edilməsinə nail olmaqdır.


Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov

AZƏRTAC

-a ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görüləcək işlərdən danışıb. O qeyd edib ki, aqrar siyasətin əsas istiqaməti olan ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün kənd təsərrüfatının intensiv metodlarla inkişafının stimullaşdırılması məqsədilə son illər dövlət tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına müxtəlif istiqamətlərdə texniki və maliyyə dəstəyi göstərilməsi bu sahənin daha da inkişafına müsbət təsir göstərib. Çoxşaxəli dövlət qayğısından istifadə edən istehsalçıların istehsala marağı artıb, ərzaq təhlükəsizliyinin təmin edilməsində aparılan məqsədyönlü tədbirlər nəticəsində bu sahədə əhəmiyyətli nəticələr əldə edilib.


“Ötən ilin yekunlarına görə, respublikada 2383,3 min ton dənli və dənli paxlalılar istehsal olunub. Yığılmış ümumi taxıl sahəsinin 604,4 min hektarını buğda bitkisi təşkil edir ki, bu sahədən də cəmi 1449,2 min ton və ya hər hektardan 24,0 sentner buğda toplanılıb. Eyni zamanda 203,6 min ton qarğıdalı, 819,3 min ton kartof, 1187,7 min ton tərəvəz, 440,9 min ton bostan məhsulu yığılıb. Bundan əlavə, istehsalçılar tərəfindən 850,8 min ton meyvə məhsulları, 147,7 min ton üzüm və 474,3 ton yaşıl çay yarpağı istehsal edilib”, - deyə İ.Cümşüdov diqqətə çatdırıb.


Ölkə əhalisinin, eləcə də mal-qara və quşların baş sayı nəzərə alınmaqla, taxıla illik tələbatın təxminən 3,5-4 milyon ton, o cümlədən ərzaq buğdasına tələbatın 1,7 milyon ton olduğunu deyən Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi qeyd edib ki, hazırda respublikada daxili istehsal hesabına taxıla tələbatın təxminən 70-80 faizi ödənilir. Tələbatın qalan hissəsi isə idxal hesabına təmin edilir. Əhalinin taxıl və çörək məhsullarına olan tələbatının daxili istehsalla ödənilməsi dövlətimizin başçısı tərəfindən vacib məsələ kimi qarşıya qoyulub. Ona görə də, ərzaq təhlükəsizliyinin əsas sahəsi olan taxılçılığı inkişaf etdirmək, əhalinin taxıl və çörək məhsullarına olan tələbatını daxili istehsal hesabına təmin etmək üçün iri özəl taxılçılıq təsərrüfatlarının yaradılmasına başlanılıb. Həmin məqsəd üçün seçilmiş torpaq sahələrinin ümumilikdə bütün infrastruktur, texniki təminat, meliorasiya və s. məsələləri dövlət tərəfindən hərtərəfli dəstəklənir. Özəl taxılçılıq təsərrüfatlarında buğda, qarğıdalı, soya istehsalı sahəsində uğurlu nəticələr əldə edilib, buğda və qarğıdalının məhsuldarlığı respublika üzrə orta göstəricidən 2 dəfədən də artıq olub. Hazırda Taxtakörpü və Şəmkirçay su anbarları və kanalların istifadə verilməsi nəticəsində yeni suvarılacaq və su təminatı yaxşılaşdırılacaq rayonlarda, o cümlədən dövlət fondu torpaqlarında uyğun sahələrin seçilməsi, ölçülərinin müəyyənləşdirilməsi, əkin strukturunun öyrənilməsi və təsərrüfatla bağlı digər işlərin həyata keçirilməsi davam etdirilir. Bu işlər də yaxın zamanlarda məhsul bolluğunun yaradılmasına öz töhfəsini vermiş olacaq.


Meyvə, tərəvəz-bostan və kartof məhsulları əhalinin gündəlik qida rasionunda əvəzedilməz ərzaqdır. İ.Cümşüdov bildirib ki, hazırda respublikada tərəvəz-bostan, kartof və meyvə məhsullarına olan tələbat daxili istehsal hesabına ödənilir və bu məhsulların ixrac potensialı yaranır. 2014-cü ildə təbii itki çıxıldıqdan sonra daxili istehsal hesabına adambaşına orta hesabla 163 kiloqram tərəvəz və bostan məhsulları, 85 kiloqram meyvə və 57.5 kiloqram kartof istehsal edilib. Bu da adambaşına mövcud minimum istehlak normasına görə müvafiq olaraq 1.7, 1.8 və 1.3 dəfə çoxdur.


“Kənd təsərrüfatının inkişafı ilə bağlı verilən sərəncamlar, görülən işlər, islahatlar deməyə əsas verir ki, dünyanın qabaqcıl təcrübələrindən faydalanmaqla və müasir texnologiyadan yararlanmaqla ölkədə bitkiçiliyi intensiv yollarla inkişaf etdirmək, əhalinin kənd təsərrüfatı və emal sənayesi məhsullarına artan tələbatını ödəmək, insanların ərzaq təhlükəsizliyini daxili istehsalla dayanıqlı təmin etmək və sahənin ixrac potensialının genişləndirilməsi hesabına kənd təsərrüfatının gəlirliyini və rəqabətqabiliyyətliyini daha da artırmaq mümkün olacaq. Son günlərdə Prezident İlham Əliyevin imzaladığı “2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında”, “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən lizinqə verilən və ya lizinq yolu ilə satılan suvarma sistemləri dəstinə və avadanlığına güzəşt tətbiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi sistemində fəaliyyət göstərən elmi tədqiqat müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” və digər sərəncamları da bunu sübut edir”, - deyə İ.Cümşüdov bildirib.


“Ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir. Çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. Çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq”. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı yekun nitqində dediyi bu sözlər də bizdə əminlik yaradır ki, Azərbaycan yaxın illərdə özünün ərzaq təhlükəsizliyini tam təmin edəcək.