Dünya Səhiyyə Təşkilatı beynəlxalq həkim qrupları reyestrinin yaradılmasını elan etdi
Bakı, 9 aprel,
AZƏRTACDünya Səhiyyə Təşkilatı (DST) ebola virusuna qarşı mübarizənin ibrət dərsləri çərçivəsində akkreditə olunmuş beynəlxalq tibb işçiləri qrupları reyestrinin yaradılmasınıelan etdi. Söhbət dünyanın müxtəlif yerlərindən əvvəlcədən seçilmiş, istənilən vaxt fəlakət zonasına göndərilməyə hazır olan tibb bacıları və həkimlər komandasının siyahısından gedir.
AZƏRTAC
BMT-nin xəbərlər mərkəzinə istinadla xəbər verir ki, reyestrin məqsədi zərər çəkmiş dövlətlərin əhalisinin müasir və ixtisaslaşmış beynəlxalq yardımla, o cümlədən tibbi yardımla təmin etməkdir.
DST-nin ekspertləri hesab edirlər ki, belə məlumat bazası xaosun qarşısını almağa kömək edər. Çünki böhranla qarşılaşmış ölkələrə fəaliyyəti koordinasiya olunmayam yüzlərlə könüllülər komandasının gəldiyi hallar çox olur. Nəticədə onların xoş niyyətləri zərər çəkmiş hökumətlər üçün əlavə yükə çevrilir.
2010-cu ildə Haitidə güclü zəlzələ baş verdikdən sonra ora yüzlərlə könüllür getmişdi. Lakin ilkin mərhələdə onların işini nizama salmaq sadəcə mümkün olmamışdı.
“İndi DST yeni, qəti yanaşmanı mənimsəməyi təklif edir. Yəni bütün beynəlxalq tibb işçiləri komandalarına onlayn rejimində qeydiyyatdan keçməyə imkan yaratmaq lazımdır ki, onlar fövqəladə hallar, o cümlədən su basmaları, zəlzələlər, xolera və ya Ebola virusu barədə vaxtında məlumat ala bilsinlər. DST-nin ehtiyatında artıq yoxlanmış və hazırlanmış tibb bacıları və həkimlər komandası olacaq ki, onlar dərhal fəlakət zonasına yola düşə biləcəklər”.
DST-də ümid edilir ki, birinci il reyestrdə fövqəladə yardım göstərilməsi üzrə 150 komanda yer alacaq. Yaxın bir neçə ildə reyestrə 400 belə komandanın da salınacağı gözlənilir”.