“Det-AL” Alüminium MMC-də əməyin mühafizəsinə həsr olunmuş seminar-müşavirə
Gəncə, 9 aprel,
AZƏRTACƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin təşkilatçılığı ilə Gəncədəki “Det-AL” Alüminium MMC-də seminar-müşavirə keçirilib.
AZƏRTAC
xəbər verir ki, seminarda Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Anar Quliyev əməyin mühafizəsi normalarına və qaydalarına əməl olunmasına nəzarət, işə götürənlərin məsuliyyəti mövzusunda çıxış edib.
Sonra “Det-Al” Alüminium MMC-nin baş direktoru Sərxan Babayev zavodun fəaliyyəti və uğurları barədə geniş məlumat verib.
Müəssisənin texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi departamentinin meneceri Rasim Yusibov zavodda əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə qaydalara, normalara və təlimatlara riayət olunması vəziyyətindən danışıb.
Aparılan müzakirələrdən sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən sağlam və təhlükəsiz əməyin mühafizəsi şəraitinin təmin edilməsi sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
Seminar-müşavirənin sonunda iştirakçılar “Det-Al” Alüminium MMC-nin istehsalat sahələrindəki vəziyyətlə tanış olublar.