Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin “Facebook” səhifəsinə qoşulanların sayı 3 mini ötüb
Bakı, 21 aprel,
AZƏRTACBu il aprelin 1-dən Daxili İşlər Nazirliyi (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin (BPQMİ) rəsmi “Facebook” səhifəsi fəaliyyətə başlayıb.
“Facebook” sosial şəbəkəsində yeni səhifənin yaradılmasında əsas məqsəd BPQMİ-nin həyatında baş verən yeniliklər, Baş İdarənin və regional şöbələrin fəaliyyəti, iş prinsipləri barədə vətəndaşları ətraflı və dolğun şəkildə məlumatlandırmaq, onların sual, təklif və şikayətlərini operativ surətdə cavablandırmaqdır.
DİN-in mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, Baş İdarənin “Facebook” səhifəsi fəaliyyət göstərdiyi qısa müddətdə internet istifadəçiləri tərəfindən maraqla qarşılanıb. Artıq səhifəyə qoşulanların sayı 3 mini ötüb. Vətəndaşlardan daxil olan 100-ə yaxın sual aidiyyəti əməkdaşlar tərəfindən cavablandırılıb.
BPQMİ Azərbaycan Respublikası vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin yaşayış və olduqları yer üzrə qeydiyyatını, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri, eyni zamanda, vətəndaşların ümumvətəndaş pasportları ilə təmin olunması ilə bağlı işləri həyata keçirir.
Baş İdarənin rəsmi “Facebook” səhifəsi bütün bu məsələlərlə bağlı sual və müraciətlər üçün açıqdır. Səhifəyə aşağıdakı keçid vasitəsilə qoşulmaq olar:
https://www.facebook.com/bpqmi