“Daşınmaz əmlakın qeydiyyatı Layihəsi” üzrə növbəti görüş keçirilib
Dünya Bankının “Daşınmaz əmlakın qeydiyyatı Layihəsi” üzrə missiyası Azərbaycana növbəti səfəri başa çatıb.
Səfərin yekunu olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi, layihənin direktoru Arif Qaraşovla görüş keçirilib.
DƏDRX-dən Lent.az-a verilən məlumata görə, görüş zamanı Dünya Bankının Layihə üzrə koordinatoru Gevin Adlinqton indiyə qədər layihə çərçivəsində görülmüş işlərdən məmnun qaldığını bildirib. Missiya rəhbəri xüsusilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin inzibati binasında Layihəni İdarəetmə Qrupuna yaradılmış iş şəraitini, modern treninq mərkəzinin təşkilini, ortofotoxəritələrin hazırlanması istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib.
Bütün bunlarla yanaşı, G.Adlinqton nəzərdə tutulmuş tədbirlərin vaxtında həyata keçirilməsinin, gecikmə hallarının aradan qaldırılmasının vacibliyini vurğulayıb.
Layihənin direktoru A.Qaraşov isə qeyd edib ki, missiyanın tərkibində ölkəmizə səfər edərək Layihə çərçivəsində görülmüş işlərlə tanış olan xarici ekspertlərin verdikləri tövsiyələr “Daşınmaz əmlakın qeydiyyatı Layihəsi”ndə qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün mühümdür və layihə üzrə nəzərdə tutulmuş tədbirlərin müvafiq qrafikə uyğun həyata keçirilməsi mümkün olacaq.
Nigar