Dağlıq Qarabağa bitişik rayonlar Azərbaycana qaytarıla bilər
“Qarabağ xalqının Dağlıq Qarabağ ərazisində təhlükəsiz yaşamaq hüququna qarantiya verilməlidir”.
APA-nın “Novosti-Armeniya”ya istinadən yaydığı məlumata görə, bu fikirləri İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədri Bernar Fasie söyləyib. Onun sözlərinə görə, “hazırda Azərbaycan tərəfdən güclü qarşıdurma vəziyyətində olan Qarabağ xalqının təhlükəsizliyini Dağlıq Qarabağ və Ermənistan təmin edir. Gələcəkdə Qarabağ xalqının təhlükəsizliyinin təmin olunması üçün kompleks tədbirlər müəyyənləşdirmək, bu təhlükəsizliyə Azərbaycanın razılığı ilə beynəlxalq qarantiyalar verilməsi nəzərdə tutulur”.
Rusiyalı həmsədr Yuri Merzlyakov “Qarabağın Müdafiə Ordusunun nəzarətində olan ətraf ərazilərin geri qaytarılması məsələsi birmənalı deyil, çünki bu ərazilər Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır”, - deyə bildirib.
Bernar Fasie qeyd edib ki, ərazilərin adekvat şəkildə dəyişdirilməsi, o cümlədən Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinə beynəlxalq qarantiyaların verilməsi halında bu ərazilər Azərbaycana qaytarıla bilər: “Tərəflərin və həmsədrlərin səyləri də bu istiqamətə yönəlib”.