“Coğrafiya və təbii resurslar” elmi-populyar jurnalının təqdimatı olub
Bakı, 8 aprel, Əziz Məmmədov,
AZƏRTACAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında Azərbaycan Coğrafiya Cəmiyyətinin (ACC) və AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun birgə təşkilatçılığı ilə “Coğrafiya və təbii resurslar” elmi-populyar jurnalının təqdimatı olub. Tədbirdə coğrafiya alimləri ilə bərabər, müvafiq idarə və təşkilatların nümayəndələri iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, ACC-nin prezidenti, akademik Ramiz Məmmədov və digər çıxış edənlər bildiriblər ki, hazırda iqtisadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, orada coğrafi biliklərə və bu elmin nailiyyətləri haqqında məlumatlara ehtiyac duyulmasın. Bildirilib ki, yerli coğrafiya alimləri tərəfindən ölkəmizin coğrafiyası, təbii resursları, ekologiyası haqqında çoxsaylı kitablar və monoqrafiyalar yazılsa da, indiyədək Azərbaycanda elmin bu sahəsində dövri mətbuat orqanı olmayıb. Odur ki, Azərbaycan coğrafiyaçılarının və coğrafiya ilə əlaqədar elmlərin mütəxəssislərinin ən müasir nailiyyətlərini əks etdirəcək jurnalın işıq üzü görməsini milli elmin inkişafı istiqamətində atılan ciddi addım saymaq olar.
Qeyd edək ki, elmi-populyar jurnalda coğrafiyanın əsas sahələrindən – landşaftşünaslıq, geomorfologiya, paleocoğrafiya, iqlimşünaslıq, hidrologiya, torpaqşünaslıq, biocoğrafiya və ekocoğrafiya, iqtisadi və sosial coğrafiyadan başqa Xəzər dənizinin coğrafi problemləri, coğrafi təhsil və dünyagörüşü məsələləri müzakirə ediləcək. Jurnalda sahəvi elmi konfranslar haqqında informasiya da yer alacaq.