Coğrafiya İnstitutunun 70 illiyi qeyd olunacaq
Bakı, 11 aprel,
AZƏRTACCari ilin sentyabrında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun 70 illiyinə həsr edilən “Müasir qlobal dəyişmələrə geo və təbii-təsərrüfat sistemlərinin adaptasiyası problemləri” mövzusunda elmi konfrans keçiriləcək.
AMEA-dan
AZƏRTAC-a bildirilib ki, konfransın işi “Müasir qlobal dəyişmələr: elmi-nəzəri əsasları, tədqiqat metodları”, “Qlobal iqlim dəyişmələri və onların təbii-təsərrüfat sistemlərinə təsiri”, “Təbii risk və təhlükələrin landşaft-geomorfoloji sistemlərə təsiri”, “Qlobal dəyişmələrin su ehtiyatları ilə təminatda yaratdığı problemlər”, “Biomüxtəlifliyin müasir transformasiya istiqamətləri”, “Xəzər dənizinin ekocoğrafi problemləri qlobal iqlim dəyişmələrinin məhsuludur”, “Qlobal dəyişmələrin yaratdığı sosial-iqtisadi və regional problemlər” və “Təbii-təsərrüfat sistemlərinin müasir şəraitə adaptasiyası məsələləri” istiqamətləri üzrə təşkil ediləcək.
Məruzələrin mətni Azərbaycan, rus və ingilis dillərində MS WORD formatında hazırlanmalıdır. Təqdim olunmuş məruzə mətnlərinə müvafiq olaraq üç dildə qısa xülasələr əlavə edilməlidir. Təşkilat komitəsinin elmi dəyəri olmayan məruzə mətnlərini nəşr üçün qəbul etməmək hüququ var.
Qəbul olunmuş elmi məruzələr təşkilat komitəsinin qərarı ilə institutun və Azərbaycan Coğrafiya Cəmiyyətinin “Coğrafiya və təbii resurslar” jurnalının növbəti nömrələrində nəşr ediləcək.
Məruzələrin mətninın elektron variantı aprelin 15-dək qəbul olunacaq (əlaqə tel: (+994 12) 439 33 76; E-mail: azgeo@yandex.ru).