“Çin – 2015” Dünya çempionatı stolüstü tennis tarixində ən geniş yayımlanan tədbir olacaq
Bakı, 21 aprel,
AZƏRTACAprelin 26–dan mayın 3–dək Çin Xalq Respublikasının Suçjou vilayətində keçiriləcək 53–cü Dünya çempionatı nəinki rəqabət və iştirakçıların sayı baxımından, eləcə də televiziyada yayımlanan ən qlobal və miqyaslı tədbir olacaq.
AZƏRTAC
xəbər verir ki, dünyanın 169 ölkəsi ilə yayımla bağlı sazişlər imzalanıb. Bu da ötənilki çempionatda iştirak edənlərdən 53 ölkə çoxdur. Beynəlxalq Stolüstü Tennis Federasiyasının (ITTF) marketinq şöbəsinin nümayəndəsi Stiv Deynton deyib: “Federasiya qarşısında duran ən mühüm vəzifələrdən birinə - bütün dünyada stolüstü tennisə olan maraq və həvəsi genişləndirmək məqsədinə nail olunub. Sevinc hissi ilə elan edirəm ki, builki dünya çempionatı indiyədək müqayisəedilməz dərəcədə kanalların sayına görə fərqlənəcək və yayım keyfiyyəti yüksək olacaq”.
Belə bir uğurun əldə edilməsinin əsas səbəbi odur ki, federasiya bütün tədbir boyu 8 stolda keçiriləcək oyunları özünün xüsusi platforması vasitəsilə yayımlayacaq və yarışları birbaşa 5 milyondan artıq adam izləyə biləcək. Bundan əlavə, “Youtube” kanalında ən yaxşı oyun anlarının 5 milyona qədər istifadəçi tərəfindən izləniləcəyi də gözlənilir. Hazırda sosial şəbəkələrdə minlərlə istifadəçi turnir haqqında informasiya yayır və öz şərhlərini bölüşür.
Çempionatı müxtəlif media qurumlarından 1000–dən artıq jurnalist işıqlandıracaq.